İğdırda ölkəmizə dəstək məqsədilə veloyürüş təşkil edilib

20.07.2020

Türkiyənin İğdır şəhərində Ermənistanın hərbi təxribatları ilə üzləşən Azərbaycan dövlətinə və xalqına dəstək məqsədilə velosiped yürüşü təşkil edilib.

Dəstək aksiyası İğdır Velosiped Klubu, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və Iğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Yürüş zamanı gənclər erməni silahlı qüvvələrinin təxribatlarını pisləyən və Azərbaycan dövlətinə dəstəyi ifadə edən şüarlar səsləndiriblər. Yürüş şəhid Mehmet Çavuşun məzarının ziyarət olunması ilə başa çatıb. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada çıxış edən Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal və İğdır Velosiped Klubunun rəhbəri Gökçen Açar bildiriblər ki, ermənilər artıq hədlərini çox aşıblar. "Onlara lazımı cavabı vermək lazımdır. Biz Türk milləti olaraq Azərbaycanın yanındayıq, Azərbaycan tək deyil", - deyə vurğulayıblar.