Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Türkiyənin paytaxtı Ankarada dövlətimizə və şanlı ordumuza dəstək aksiyaları davam etməkdədir.
Bu dəfə Türkiyə dövlətinin və xalqının Azərbaycana dəstəyinə minnətdarlıq əlaməti olaraq Ekmen hüquq və konsaltinq şirkətinin rəhbəri, vəkil Səidə Ekmen və Azaflı hüquq və konsaltinq şirkətinin rəhbəri Arzuman Azaflının təşkilatçılığı ilə izdihamlı yürüş keçirilib. Yürüş zamanı soydaşlarımız Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbir kompleksini ziyarət ediblər. Dəstək aksiyasına ölkəmizin Türkiyədəki səfirliyinin kollektivi də qatılıb.
Protokola uyğun olaraq digər dövlətlərin bayraqlarının Anıtqəbir kompleksində qaldırılması qadağan olunsa da, Türkiyə tərəfi bununla bağlı səfir Xəzər İbrahimin xahişini nəzərə alaraq Azərbaycanın dövlət bayrağının kompleksdə dalğalandırılmasına icazə verib. Bundan başqa, Mustafa Kamal Atatürkün məzarı üzərinə qoyulan əklilə Azərbaycan və Türkiyənin dövlət bayraqları da əlavə edilib. Bu, Türkiyənin Cümhuriyyət tarixində ilk hadisə olaraq yaddaşlara yazılıb.
Aksiyanın təşkilatçılarından biri olan Səidə Ekmən deyib ki, soydaşlarımız Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi dəstəkdən qürur duyur. “Ümummilli lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” və ulu öndər Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələri, sözün əsl mənasında, həyati gerçəklikdir”, - deyə soydaşımız vurğulayıb.