Antalyanın Muratpaşa rayonunda Ermənistanın son hərbi təxribatlarını sərt şəkildə qınayan etiraz aksiyası keçirilib.
“Azərbaycan Kültür Parkında” baş tutan aksiya "Antalya–Azərbaycan Kültür və Dayanışma Dərnəyi" və "Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin" birgə təşkilatçılığı ilə gerçəkləşdirilib. Aksiyaya İraq Türkmən Birliyi Dərnəyi, Türk Ocaqları, Qırğız Dərnəyi, Anadolu Həmşəri Dərnəklər Platformu, İran Qonşu Ölkələr Dərnəyi, Antalyada yaşayan azərbaycanlılar, azərbaycanlı tələbələr, türk vətəndaşları da daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.
Tədbir Türk Dünyasının bütün şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Təşkilatçı dərnək sədrlərinin və qonaqların çıxışı zamanı Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddinə Ermənistan silahlı qüvvələri tərəfindən edilən təxribatçı hücumlar pislənilib, Azərbaycan dövlətinə, xalqına və ordusuna dəstək ifadə edilib.
Tədbir iki dərnəyin birgə bəyanatının səsləndirilməsi ilə yekunlaşıb. Bəyanatda dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması və təcavüzkar dövlət olaraq sərt şəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli addımların atılması tələb olunub.