Kölndəki soydaşlarımız işğalçı Ermənistanın cəzalandırılmasını tələb ediblər

20.07.2020

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar Köln şəhərində etiraz aksiyası keçirilib.

Alman–Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyasının iştirakçıları Köln vağzalının yaxınlığındakı qədim Dom kilsəsinin önünə toplaşıblar. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı, Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin şəkillərinin, "Qarabağ Azərbaycandır!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş etdirildiyi aksiyada Alman–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, diaspor fəalları Tünzalə Rafiqqızı, Gülnar Hacıyeva, İhsan Kılıc və Nurlan Nəsibli çıxış ediblər.

Natiqlər müstəqil dövlətimizin təcavüzkar və faşist mahiyyətli bir dövlətlə üz-üzə dayandığı bir vaxtda bütün soydaşlarımızın yumruq kimi birləşib Vətənimizi, xalqımızı və ordumuzu dəstəkləməsinin önəmindən danışıblar. Beynəlxalq təşkilatların üzvü olan Azərbaycanın torpaqlarının işğal altında qalmasının, ərazi bütövlüyünün hələ də təmin olunmamasının beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə həqarət olduğu qeyd edilib. Çıxış edənlər dünya birliyindən və beynəlxalq qurumlardan Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsini, haqq səsinin eşidilməsini, ölkəmizin yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyan, mülki vətəndaşları qətlə yetirən faşist mahiyyətli terrorçu dövlət olan Ermənistana sanksiyaların tətbiq olunmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun erməni işğalından azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını tələb ediblər.

Aksiyanı işıqlandıran yerli media nümayəndələrinə Ermənistanın hərbi təxribatları, Azərbaycanın ədalətli mövqeyi və soydaşlarımızın tələbləri barədə ətraflı məlumat verilib.