İyulun 19-da Almaniyanın Nürnberq şəhərində Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar etiraz aksiyası keçirilib.
Şəhərin mərkəzi meydanında gerçəkləşdirilən aksiyada Azərbaycan və Türk icmalarının rəhbərləri və çoxsaylı üzvləri iştirak ediblər. Tədbirdə Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddini artilleriya zərbələrinə məruz qoyması nəticəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.
Aksiyada çıxış edənlər Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun Ermənistanın işğal altında saxlamasının, dünya birliyinin gözü qarşısında qeyri-qanuni hərəkətlərini davam etdirməsinin beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olduğunu bildiriblər. Azərbaycana qarşı törətdiyi bütün hərbi cinayətlərə görə faşist mahiyyətli Ermənistanın sərt şəkildə cəzalandırılmasının vacibliyini vurğulayan natiqlər beynəlxalq təşkilatları və dünya birliyini bu təcavüzkar ölkənin işğalçı siyasətinə son qoyulması, Azərbaycanın torpaqlarının sülh yolu ilə işğaldan azad olunması və ərazi bütövlüyünün təmin edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıblar.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı, Ermənistanın cinayətlərini əks etdirən plakatların qaldırıldığı tədbirdə "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Ermənistan işğalçıdır!" və s. şüarlar səsləndirilib.