Soydaşlarımız BMT-nin İsveçrədəki qərargahının qarşısında etiraz aksiyası təşkil ediblər

20.07.2020

BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlar törətməsinə qarşı etiraz aksiyası keçirilib. İsveçrənin Bern, Sürix və Soloturn kantonlarında yaşayan 200 nəfərədək soydaşımız, Azərbaycan və Türkiyə diasporunun rəhbərləri və fəalları əllərində hər iki ölkənin dövlət bayraqları Cenevrəyə qədər yürüş ediblər.
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının (İAKŞ) əlaqələndiricisi Əkbər Gəncənin, İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun təşkilatçılığı və Azərbaycanın İsveçrədəki səfirliyinin mənəvi dəstəyi ilə gerçəkləşən aksiyaya türk cəmiyyətlərinin nümayəndələri də qatılıblar.

BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Qasım Nəsirovun moderatorluğu ilə aparılan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Tovuz cəbhəsindəki hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə İAKŞ əlaqələndiricisi Əkbər Gəncə, Beynəlxalq Demokratlar Birliyinin İsveçrə üzrə sədri Murat Şahin, Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyinin sədri Ender Demirtaş, İsveçrə Türk Federasiyasının sədri İrfan Okutan və başqaları çıxış ediblər. Natiqlər sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan çıxmağa qadir olduğunu, Dağlıq Qarabağın Ermənistanın işğalından azad olunacağına əminliklərini bildiriblər

"Türk milləti olaraq bugünə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Bunu bir daha BMT-nin binası önündən bütün dünyaya bəyan edirik", - deyə Murat Şahin söyləyib.

Çıxış edənlər BMT-nin baş katibi Antonio Qutyeresə müraciət edərək, dünya ictimaiyyətini Azərbaycan xalqına dəstək olmağa, BMT qətnamələrini yerinə yetirmək, Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə və işğalçı Ermənistana qarşı qətiyyətli addımlar atmağa çağırıblar.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" və s. şüarlar səsləndirilib.