Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “ABŞ-da pandemiya və post-pandemiya dövründə icma quruculuğu və diaspor fəaliyyətinin gücləndirilməsi” mövzusunda növbəti videokonfrans keçirilib. Virtual tədbirdə ABŞ-ın müxtəlif ştatlarından 25-dən çox diaspor təşkilatının rəhbərləri və icma fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı salamlayaraq dövlətimizin diaspor siyasəti, işğalçı Ermənistanın fasiləsiz olaraq törətdiyi hərbi təxribatların yaratdığı mövcud vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirməsi barədə ətraflı məlumat verib. Dünyanın ABŞ, Almaniya, Avstriya, Niderland, Türkiyə, İsrail, Macarıstan, Gürcüstan, Rusiya və digər bir çox ölkələrində Qarabağ həqiqətlərinin təbliği və ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın növbəti hərbi təxribatlar törətməsi ilə bağlı etiraz aksiyalarının başladığına diqqəti cəlb edib.
Görüşdə rəssam Əbülfəz Bahaduri, Azərbaycan əsilli alim, şumeroloq doktor “Türkün və türk dilinin genezisi” kitablarının müəllifi Tarıyel Azərtürk, Qafqaz Yəhudiləri Cəmiyyətinin rəhbəri Yakov Abramov, ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri John Nəimi Əmiral, Kaliforniya–Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Kimiya Məmmədova, Hyuston–Bakı Qardaşlaşmış Şəhər Assosiasiyasınin rəhbəri İradə Axundova və Assosiasiyasınin üzvü Anjelika Dilbazi, SM TV-nin rəhbəri Cavad İsmayılbəyli, Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının prezidenti Lalə Rəhimova, Bruklin–Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental, Bostonda fəal diaspor nümayəndəsi Tünzalə Eynulla, Amerikada fəaliyyət göstərən rejissor Elmar Bayramov, Harvard Universitetində doktorantura pilləsi üzrə təhsil alan Səma Məmmədova, pianoçu, Hartford Universitetinin professoru Kamilla Məmmədova, Milli Musiqi və Qlobal Mədəniyyət Mərkəzinin rəhbəri Nərgiz Əliyarlı, GünAz Tv-nin əməkdaşı Qənirə Ataşova, Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Şahbazov, Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Rasim Dəmirov, Nyu England–Azərbaycan Mərkəzinin həmtəsisçisi Hikmət Qasımzadə, həkim-nevroloq Nigar Dərgahzadə, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Çilənay Səfərli, Nyu-Yorkda fəal diaspor nümayəndəsi Mehriban Nəsib, Kaliforniyanın Middlebury İnstitutunda beynəlxalq əlaqələr üzrə təhsil alan tələbə Arzu Məmmədova, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əli Əsgərov, Nyu-Yorkda Diaspor fəali Nigar Pənahova, Şimali Kaliforniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Həmid Əhmədi çıxış ediblər.
Natiqlər Ermənistanın son hərbi təxribatlarını pisləyərək, bununla bağlı Ağ ev Administrasiyasına və ABŞ konqresinin nümayəndələrinə mütəmadi müraciətlər ünvanladıqlarını bildiriblər.
Qeyd edək ki, bu il iyulun 11-də də ABŞ-dakı diaspor təşkilatlarının rəhbərləri və icma fəalları ilə analoji videogörüş təşkil edilib.
Komitənin fəaliyyətində yeni dövrün başlanması, müxtəlif maraqlı proqram və layihələrin həyata keçirilməsi, azərbaycanlıların birliyi və təşkilatlanması istiqamətində atılan addımları yüksək qiymətləndirən tədbir iştirakçıları pandemiya dövründə Dövlət Komitəsinin həmvətənlərimizə göstərdiyi həssas münasibəti, diqqət və qayğını təqdir ediblər. Onlar soydaşlarımız arasında koordinasiyanın təmin edilməsinin zəruriliyini, Azərbaycan evlərinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, gələcəkdə ABŞ-da da Azərbaycan Evinin yaradılmasının məqsədəuyğun olduğunu qeyd ediblər.