Ankara şəhərində “Ermənistanın işğalçı siyasətinə son!” tələbi ilə aksiya təşkil edilib

20.07.2020

Türkiyənin paytaxtı Ankara şəhərində “Ermənistanın işğalçı siyasətinə son!” tələbi ilə etiraz mitinqi keçirilib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Dünya Türk Birliyinin (DTB) təşkilatçılığı ilə gerçəkləşdirilən mitinq Ermənistanın hərbi təxribatları nəticəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Aksiyada Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TADƏHF-in sədri, professor Aygün Əttar, DTB-nin sədri Murat Çobanoğlu və Turan İlləri Konfederasiyasının (TİK) sədri Hüseyn Avcı çıxış ediblər. Natiqlər Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən işğalçılıq siyasəti, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlar barədə ətraflı danışıblar. Qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürur mənbəyi olduğu, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın zaman ölkələrimizin və xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdikləri, bütün türk dünyasının Azərbaycanın arxasında dayandığı vurğulanıb. Son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan ordusunun işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarında olduğuna diqqəti cəlb edən natiqlər beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe göstərməsini, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dərhal son qoyulmasını, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının, ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan torpaqlarını tərk etməsini tələb ediblər.

Çıxış edənlər görkəmli dövlət xadimi Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının xalqlarımız və ölkələrimiz üçün əbədi birlik çağırışı olduğunu xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünya üçün örnək adlandırıblar.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı mitinqdə birlik və həmrəylik, Azərbaycan dövlətinə və ordusuna dəstək şüarları səsləndirilib.