İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı videokonfrans keçirilib

19.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin və İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının (İAKŞ), üzv cəmiyyətlərin fəaliyyət prinsipi və icma quruculuğuna həsr olunmuş tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün dünyada işğalçı və təcavüzkar dövlət imicinə malik Ermənistanın son günlərdə törətdiyi hərbi təxribatlarla bağlı, Tovuz bölgəsindəki mövcud vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirməsi, şəhidlərimizin qanının yerdə qalmadığı barədə ətraflı məlumat verib.

Komitə sədri qeyd edib ki, Ermənistanın işğalçı simasını ifşa etmək üçün diaspor təşkilatları türk diasporu və ölkəmizə rəğbət bəsləyən müxtəlif icmaların nümayəndələri ilə birlikdə ABŞ, Böyük Britaniya, İsrail, Polşa, Niderland, Gürcüstan və sair ölkələrdə Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirir. Aksiyaların əksəriyyəti Ermənistanın müxtəlif ölkələrdəki səfirliklərinin önündə təşkil edilir. Əllərində ölkəmizin ücrəngli bayraqlarını tutan soydaşlarımız dünyanın gözü qarşısında işğalçılara etiraz edir, yüksək səslə "Azərbaycana ədalət!", “Qarabağ azadlıq!”, “İşğala son!”, "Qarabağ Azərbaycandır!" şüarlarını səsləndirirlər. Bu gün diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin siyasi rəhbərliyinə, hökumətlərə və beynəlxalq qurumlara müraciət edərək Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş vassal bir ölkəyə sanksiyalar tətbiq olunmasını tələb edirlər. Komitə sədri bildirib ki, diaspor hərəkatında bu dönüş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin nəticəsində mümkün olub.

Pandemiya dövrünün ilkin mərhələsində dövlətimizin xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşmiş soydaşlarımıza sahib çıxdığı, Dövlət Komitəsinin 6 mindən çox soydaşımıza kömək etdiyi, Koordinasiya Şuralarının və soydaşlarımızın sığınacaq yerlərinə çevrilmiş Azərbaycan Evlərinin fasiləsiz olaraq 24 saat ərzində fəaliyyət göstərdikləri, diaspor təşkilatlarının Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışdıqları nəzərə çatdırılıb. Koordinasiya Şuralarının fəaliyyəti müsbət qiymətləndirilib.

Konfransda İAKŞ əlaqələndiricisi Qasım Nəsirov görülən işlər barədə hesabatla çıxış edib. Şuranın üzvləri olan cəmiyyətlərin rəhbərləri həyata keçirdikləri müxtəlif layihələrdən, pandemiya dönəmində diaspor təşkilatlarının fəaliyyətindən və gələcək planlardan danışıblar. Yeni əlaqələndiricilərin seçilməsi ilə bağlı təşkilati məsələnin müzakirəsi zamanı hər bir konfrans iştirakçısı öz fikrini söyləyib. Onlar Azərbaycan-İsveçrə Türk Cəmiyyətinin sədri Əkbər Gəncənin namizədliyini irəli sürüblər. Gənc fəallar isə İsveçrənin böyük şəhərlərində soydaşlarımızın fəaliyyətinin gücləndirilməsi və istiqamətləndirilməsi baxımından tələbə Leyla Bağirzadənin əlaqələndirici kimi çalışmasının məqsədəuyğun olduğunu bildiriblər. Gənc fəallar isə İsveçrənin böyük şəhərlərində soydaşlarımızın fəaliyyətinin gücləndirilməsi və istiqamətləndirilməsi baxımından sahibkar, Liderlər üçün Qlobal Oracle Assosiasiyasının (GOAL) qurucusu və prezidenti Leyla Bağirzadənin əlaqələndirici kimi çalışmasının məqsədəuyğun olduğunu bildiriblər. Səsvermə nəticəsində Azərbaycan-İsveçrə Türk Cəmiyyətinin sədri Əkbər Gəncə və Leya Bağırzadə İAKŞ-ın əlaqələndiriciləri seçiliblər.