ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatları ilə qarşı-qarşıya olan dövlətimizə, xalqımıza və ordumuza dəstək aksiyası təşkil edib.
Şəhərin mərkəzində təşkil olunan aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi və Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Həmvətənlərimiz aksiyaya Azərbaycanın və ABŞ-nın dövlət bayraqları, "Biz səninləyik, Azərbaycan!", "Qarabağ Azərbaycandır!", “Qarabağa ədalət”, “Biz Azərbaycanın yanındayıq!”, “Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun!" kimi müxtəlif şüarların yazıldığı plakatlarla qatılıblar. Aksiya ərzində onlar müstəqil Azərbaycan dövlətinin və ordusunun ünvanına "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və s. dəstək şüarlarını səsləndiriblər.