Soydaşlarımız Çikaqo şəhərində Ermənistanın konsulluğu qarşısında etiraz aksiyası keçiriblər

19.07.2020

ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Çikaqo şəhərində Ermənistanın konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.

Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə baş tutan aksiyada soydaşlarımız ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın hərbi təxribatlar törətməsinə və Azərbaycana qarşı işğalçı siyasətini davam etdirməsinə hiddətlərini və kəskin etirazlarını bildiriblər.

Aksiyaya Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqları, son təxribatlar zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkilləri, ingilis dilində "Ermənistanın təcavüzünə və Azərbaycan torpaqlarının işğalına son qoyulsun!", "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsidir!", "Qarabağ bizim olub, bizimdir və bizim olacaq!" kimi müxtəlif şüarların yazıldığı plakatlarla qatılan soydaşlarımız Ermənistan konsulluğunun binası önündə Azərbaycanın dövlət himnini oxuyublar.

Aksiya ərzində tədbir iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq”, "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, vətən bölünməz!", “Yaşasın Azərbaycan!”, “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!" şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə ediblər.