Azərbaycan diasporu Niderlandda ermənilərin piket cəhdinə möhtəşəm aksiya ilə cavab veriblər

19.07.2020

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkədəki səfirliyimizin önündə ermənilərin təxribat törətməsinin qarşısını alıblar.

Ermənilərin səfirliyimizin binasının önünə gələrək onu əhatəyə almaq kimi məkrli niyyətindən xəbər tutan Niderland Krallığında və ətraf ölkələrdə yaşayan soydaşlarımız və təhsil alan tələbələr ölkəmizin diplomatik nümayəndəliyinin qarşısına gələrək ermənilərin piket cəhdinə möhtəşəm etiraz aksiyası ilə cavab veriblər.

Soydaşlarımız aksiyadan öncə səfirliyimizin qarşısında ingilis dilində yazılmış "Erməni təcavüzünə son!", "Xocalıya ədalət!" şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə tarixi vətənlərinin təcavüzkar mahiyyətə malik olduğunu bir daha göstəriblər. Soydaşlarımızın aksiya ərzində "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!" şüarlarını səsləndirməsi, Ermənistanın işğal etdiyi rayonlarımızın adlarını bir-bir sadalaması işğalçı ölkənin nümayəndələrində çaşqınlıq yaradıb. Yerli polis qüvvələri vəziyyətə nəzarət etsələr də, ermənilər soydaşlarımıza tərəf 2 dəfə daş və şüşə əşyalar atmaqla təxribatçı hərəkətlərə yol veriblər. Ona görə də polislər ermənilərin icazəli aksiyasını vaxtından əvvəl dağıdıblar.