Eskişehirdə Ermənistanın hərbi təxribatları pislənilib

19.07.2020

Türkiyənin Eskişehir şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Aksiyada vətəndaş cəmiyyətinin, Azərbaycan diasporunun, türkdilli dövlətlərdən olan tələbələrin 100-dən çox təmsilçisi iştirak edib. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, Tovuz rayonunda erməni silahlı qüvvələrinin törətdiyi təxribat zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin şəkillərini, "Azərbaycanda erməni işğalına son!", "Qarabağ Azərbaycanındır!", "Səninləyik, Azərbaycan!" şüarları yazılmış plakatları tutan aksiya iştirakçılarının Eskişəhirin mərkəzindən başlayan yürüşü Ulus meydanında başa çatıb.

Tədbir zamanı çıxış edən "Eskişehir Azərbaycanlıları Dərnəyi"nin sədri Cavid Aydın bildirib ki, qardaş Azərbaycanın dövlət sərhədlərində Ermənistanın hərbi təxribatlar törətməsini şiddətlə qınayırlar. Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın əzəli torpaqları və ayrılmaz tərkib hissəsi olduğunu xatırladan natiq BMT, ATƏT və digər beynəlxalq qurumları Ermənistanın işğalçılıq siyasətinə göz yummaqda, Dağlıq Qarabağdan və ətraf rayonlardan işğalçı qüvvələrin çıxarılmasına dair 4 qətnamənin yerinə yetirilməməsində ittiham edib.

Aksiya iştirakçıları dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına son verilməsini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb ediblər.