Riqa və Kaunasda Ermənistanın təxribatlarına qarşı etiraz aksiyaları keçirilib

19.07.2020

Latviyanın Riqa və Litvanın Kaunas şəhərlərində Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın Ermənistanın hərbi təxribatları ilə əlaqədar etiraz aksiyaları keçirilib.

Riqadakı etiraz aksiyası üzərində Azərbaycan bayraqları, “Erməni təcavüzünə son!”, “Qarabağın işğalına son!” şüarları nümayiş etdirilən avtomobil karvanının yürüşündən başlayıb. Yürüş zamanı avtokarvan paytaxtın mərkəzi küçə və prospektləri üzrə hərəkət edərək, yerli sakinlərin diqqətini erməni təxribatına cəlb edib.

Sonra Azərbaycan səfirliyinin qarşısında davam edən aksiyada soydaşlarımız ölkəmizə qarşı həyata keçirilən hərbi təxribatları kəskin şəkildə pisləyərək, dövlətimiz, xalqımız və ordumuzu dəstəklədiklərini, ölkəmizi müdafiə etməyə hər an hazır olduqlarını bildiriblər.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov tədbir iştirakçıları qarşısında çıxış edərək, bu birlik və həmrəyliyə görə soydaşlarımıza və diaspor təşkilatlarının üzvlərinə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var" sözlərini xatırladan səfir xalqımızın və dövlətimizin Azərbaycan ərazilərinin işğalı ilə heç zaman barışmayacağını, torpaqlarımızın qısa zamanda erməni işğalından azad ediləcəyinə əmin olduğunu bildirib.

Həmvətənlilərimizin Azərbaycanın Silahlı Qüvvələrində xidmət etmək arzusuna cavab olaraq bildirilib ki, səfirlik hər kəsin müraciətini qəbul etməyə hazırdır.

Litvanın Kaunas şəhərinin mərkəzi meydanında keçirilən "səssiz" aksiya isə Baltikyanı Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyeva tərəfindən təşkil olunub.

Aksiyada Kaunas Texnologiyalar Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak edib. Əllərində Azərbaycanın dövlət bayrağını tutan gənclərimiz Azərbaycan və ingilis dillərində yazılmış "İgid əsgər, möhkəm dayan!", "Ermənistanın təcavüzünə son!" kimi şüarlar nümayiş etdiriblər. Onlar həmçinin aksiyanın məqsədi ilə maraqlanan yerli sakinlərə Ermənistanın xaincəsinə törətdiyi hərbi təxribat barədə ətraflı məlumat veriblər.