Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın hərbi təxribatları ilə üzləşmiş Azərbaycan dövlətinə və ordusuna dəstək mitinqi keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin binası önündə təşkil olunan aksiyada Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri, Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbir zamanı Ermənistanın hərbi təxribatları nəticəsində şəhid olan azərbaycanlı əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarını, Azərbaycan, gürcü və ingilis dillərində "Biz səninləyik, Azərbaycan!", "Qarabağ Azərbaycandır!" şüarları yazılmış plakatları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.
Tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, azərbaycanlı icmasının üzvləri və gürcü ziyalıları Simon Kopadze, Quram Marxuliya və Tengiz Txelava çıxış ediblər. Ermənistanın hərbi təxribatlarını pisləyən natiqlər bunu regiona və bütün Türk dünyasına qəsd kimi qiymətləndiriblər. Gürcüstan azərbaycanlılarının və ictimaiyyətinin hər zaman Azərbaycanın yanında olduğu, Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olduğu, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunduğu, analoji problemlə üzləşən Gürcüstanın Azərbaycanın haqq işini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Hərbi vətənpərvərlik mövzusunda mahnıların səsləndirildiyi aksiyada müstəqil Azərbaycan dövlətinin və ordusunun ünvanına "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" kimi dəstək şüarları səsləndirilib, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda ön cəbhədə döyüşməyə hazır olduqları bildirilib.
Səfir Dursun Həsənov aksiya iştirakçılarına dəstəyə görə minnətdarlığını bildirərək qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatlarına layiqli cavab verib.
Gürcüstan hökumətinin hər zaman Azərbaycanı dəstəklədiyini, ölkələrimizin həmişə bir-birinə dayaq olduğuni nəzərə çatdıran diplomat bildirib ki, Gürcüstan azərbaycanlıları hər zaman yüksək vətənpərvərlik hissi ilə seçiliblər. "Əminəm ki, soydaşlarımız arasında Azərbaycan Ordusu sıralarında xidmət etmək istəyənlər çoxdur" - deyə o, vurğulayıb.