Ermənistanın son təxribatlarından hiddətə gələn soydaşlarımız və diaspor təşkilatları Azərbaycan dövlətinə və ordumuza dəstək kampaniyasını davam etdirir.
Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Rusiyanın Primorsk diyarındakı "Azərbaycan Konqresi" milli-mədəni ictimai təşkilatının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları müraciətlərdə soydaşlarımız tarixi Vətənlərinin və dövlət başçımızın yanında olduqlarını bir daha bəyan ediblər.
Müraciətlərdə bildirilir ki, diaspor təşkilatlarımız Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, bölgədə sülhün bərqərar olunması naminə Azərbaycan Prezidentinin gördüyü işləri yüksək qiymətləndirirlər. Qeyd edilir ki, diaspor təşkilatları və soydaşlarımız yaşadıqları ölkələrin hökumətlərinə, parlamentlərinə, KİV-lərinə və ictimaiyyətinə Ermənistanın törətdiyi hərbi təxribatlar barədə dəqiq və dolğun məlumatlar verir, xarici mətbuatda hadisələrin həqiqətə uyğun şəkildə işıqlandırılmasına nail olmağa çalışırlar.
Soydaşlarımız bəyan ediblər ki, hər an Dağliq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyə hazırdırlar və hər zaman dövlətimizin, xalqimizin, prezidentimizin yanındadırlar.