Rusiya və Ukraynadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət ediblər

18.07.2020

İşğalçı Ermənistanın ölkəmizin dövlət sərhəddində törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən diaspor təşkilatları BMT-nin mənzil-qərargahına və ATƏT-in Minsk Qrupuna müraciət ünvanlayıblar.

Rusiya Federasiyasının Sverdlovsk vilayətində fəaliyyət göstərən "Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Yekaterinburq şəhər təşkilatının sədri Toğrul Həsənzadə, Murmansk vilayətindəki "Azərbaycan mədəni mərkəzi" ictimai təşkilatının sədri Afil Hüseynov, "Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının" Məşvərət Şurası, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov və "Dostluq" Primorye Azərbaycanlılarının ictimai təşkilatının sədri Ramiz Zeynalov rəsmi məktublarla BMT-nin mənzil qərargahına və ATƏT-in Minsk qrupuna müraciət ediblər.

Məktubda qeyd edilib ki, Ermənistanın son hərbi təxribatları regionda stabilliyin pozulmasına növbəti cəhddir.

Məktub müəllifləri Avropa Birliyinin daim tərəfləri atəşkəs rejiminə əməl etməyə, resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, eləcə də münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladıblar.

Sonda həmvətənlərimiz beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavuzkar siyasətini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən işğal olunması faktını pisləməyə, həmin ərazilərin azad olunması və qaçqınların əzəli torpaqlarına dönməsi barədə BMT qətnamələrinin dərhal yerinə yetirilməsini tələb etməyə çağırıb.