İsrailin Kiryat-Bəlik şəhərində Ermənistanın ölkəmizə qarşı hərbi təxribatına etiraz əlaməti olaraq mitinq keçirilib.
«Azİz» Azərbaycan–İsrail Beynəlxalq Assosiasiyasının və Kiryat-Bəlik şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Kiryat-Bəlik şəhər merinin müavini Nahum Raçevski, Kiryat Yam şəhər merinin müavini Adəm Amilov, «Azİz» Assosiasiyasının rəhbər şəxsləri, Azərbaycandan olan soydaşlarımız, eləcə də digər icmaların təmsilçiləri iştirak ediblər.
Mitinq iştirakçıları əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını, ivrit, rus və ingilis dillərində Ermənistanın hərbi təxribatını pisləyən, Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar tutublar. Onlar "Biz səninləyik. Azərbaycan!", "Ermənistanın təcavüzü dayandırılsın!", "Qarabağ Azərbaycandır!" şüarlarını səsləndirərək, Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoymağı tələb ediblər.
Tədbir zamanı yerli KİV-lərə açıqlamasında «Azİz» Azərbaycan–İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak bildirib ki, Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı təcavüzünə etiraz etmək üçün mitinqə toplaşıblar. "Belə məsələlər cəzasız qalmamalıdır" - deyə o, vurğulayıb.