Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkə parlamentinin qarşısında etiraz aksiyası keçirib.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan və Türkiyə icmalarının üzvləri, azərbaycanlı tələbələrin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları aksiya Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistanın törətdiyi hərbi təxribata etiraz əlaməti olaraq təşkil edilib.
Aksiyada Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, “Odlar Yurdu” Niderland Azərbaycan Birliyinin sədri Firəngiz Bağırova, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, BAK İdarə Heyətinin üzvü Lamiyə Babayeva, Hollandiyada təhsil alan tələbə Ayxan Hüseynov çıxış ediblər. Tovuz rayonu istiqamətində törədilən təxribatın Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha sübut etdiyi, əzəli torpaqlarının işğaldan azad olunmasını, öz ərazi bütövlüyünün təmin edilməsini tələb edən Azərbaycanın Paşinyan hökuməti tərəfindən müharibəyə sürüklənməyə cəhd edildiyi və bununla da bütün bölgəyə fəlakət gətirmək istədiyi vurğulanıb. Çıxış edənlər dünya birliyini mülki insanları qətlə yetirən, yaşayış məntəqələrini ağır artilleriya zərbələrinə məruz qoymaqla dinc sakinlərin həyatını təhlükəyə atan Ermənistana qarşı ən sərt tədbirlərin görülməsinə çağırıblar.
Aksiya ərzində əllərində Azərbaycan, Türkiyə və Niderlandın bayraqlarını tutan iştirakçılar "Ermənistan təcavüzkarlığı dayandırsın!”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın!”, “Ədalətsizliyə son qoyulsun!”, “Torpaqlarımızdan çıxın!”, “Ermənistan beynəlxalq hüquqa riayət etsin!”, “Ermənistan BMT-nin qətnamələrinə əməl etsin!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, qeyri-konstruktiv mövqeyindən əl çək!”, “Azərbaycana qarşı təxribatların qarşısı alınsın!”, “Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxsın!”, “Zorakılığa son!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!” şüarlarını səsləndiriblər.
Aksiya Niderland parlamentinə bəyanatın ünvanlanması və erməni təcavüzünün qarşısının alınması məqsədilə petisiyanın irəli sürülməsi ilə yekunlaşıb. Bəyanatda Niderland da daxil olmaqla beynəlxalq ictimaiyyətin Ermənistanın hərbi təxribatlarını sərt şəkildə pisləməsi və qəti mövqe bildirməsi tələb olunub. Ermənistanın cəzasız qalmasının İrəvanı yeni hərbi təcavüzlərə və təxribatlara sövq edəcəyinə diqqət cəlb edilib. “Avropa İttifaqını, Niderlandı Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın qanunsuz fəaliyyətinə reaksiya verməyə və onu qınamağa çağırırıq”, - deyə bildirilib.