Xaricdəki azərbaycanlı ziyalılar: cismimiz qürbətdə olsa da, qəlbimiz Azərbaycanda döyünür

18.07.2020

İyulun 12-dən 13-də keçən gecə və sonrakı günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədlərini pozaraq mövqelərimizi, dinc sakinləri artilleriya atəşinə tutması soydaşlarımızın etirazına və hiddətinə səbəb olub. Bütün dünya azərbaycanlıları yaşadıqları ölkələrin rəsmi qurumlarına, beynəlxalq təşkilatlara, parlamentlərə müraciət etməklə, Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirməklə, sosial şəbəkələrdə təxribatla bağlı həqiqətləri dünyaya bəyan etməklə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır və Ermənistanı təcavüzü dayandırmağa çağırır. Belə bir məqamda azərbaycanlı ziyalılar da, harada yaşamasından asılı olmayaraq, öz sözünü deyir, dövlətimizə və ordumuza dəstək olduqlarını bildirirlər.

“Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir, Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur”

Son günlər Azərbaycanın Ermənistan tərəfindən növbəti dəfə təcavüzə uğramasının xaricdə yaşayan bütün azərbaycanlıları sarsıtdığını deyən Varşava Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımova deyir ki, Qarabağ həqiqətlərini və son təcavüz aktını Polşa ictimaiyyətinə çatdırmaq üçün hər kəs əlindən gələni etməlidir: “Əvvəllər Polşa mediasında Tovuz rayonunda baş verənlər neytral formada - həm Azərbaycanın, həm də Ermənistanın mövqeyi əks olunmaqla işıqlandırılır. İlk baxışda bu hər bir azərbaycanlının hiddətinə səbəb olur ki, nəyə görə təcavüzkar və işğalçı Ermənistan olduğu kimi ictimaiyyətə təqdim olunmur. Hazırda isə bu məsələdə xeyli irəliləyiş var - əvvəllər münaqişə ilə bağlı xəbərlərdə Ermənistan qurban kimi təqdim olunurdu. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına və fotolara da yer verilir, Ermənistanın dinc əhaliyə təcavüzü Polşa ictimaiyyətinə çatdırılır. Biz azərbaycanlılar da Azərbaycanın haqq səsini, Ermənistanın təcavüzkar və işğalçı bir dövlət olduğunu əlimizdən gəldiyi qədər yerli cəmiyyətdə çatdırmalıyıq. Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir, Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur, həm də Dağlıq Qarabağdan uzaq olan tamamilə başqa bir istiqamətdən. Ermənistanın Tovuza hücumu beynəlxalq ictimaiyyətə kimin işğalçı və təcavüzkar olduğunu bir daha göstərmiş oldu”.

Gənclərimiz Ali Baş Komandanın əmri ilə azadlığımız uğrunda ölüm-dirim mübarizəsinə hazırdı

Bütün fəaliyyətini Qarabağ həqiqətlərini Avropada yaymağa həsr etmis Milan Konservatoriyasının professoru Mais Nuriyev deyir ki, Ermənistanın son təxribatına etirazını Niderland parlamentinin qarşısında iştirak etməklə bildirib: “Aksiyaya çox sayda insan toplaşmışdı – demək olar Niderlanddakı bütün diaspor təşkilatları və azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz etmək üçün bir arada idi. Mənim də Azərbaycan və italyan dillərində çıxış etdiyim aksiyada dünya birliyini təcavüzlərə biganə qalmamağa, Ermənistanın işğal siyasətinə ədalətli yanaşmağa çağırışlar olundu. Məqsədimiz Ermənilərin çirkin əməllərini dünyaya düzgün tanıtmaqdır. Avropa ölkələrindən tələb edirik ki, təcavüzə son qoyulsun. Biz Azərbaycana sülh istəyirik. Lakin igid oğullarımız Ali Baş Komandanın əmri ilə tarixi Vətənin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə də hazırdır”.

Azərbaycan xalqının əsgəriyik, hər zaman xalqımızın yanındayıq

ABŞ-ın Nyu-York şəhərində UPSTATE Tibb Universitetinin professoru Rauf Şahbazov hər bir azərbaycanlı kimi hesab edir ki, ermənilərin və onların havadarlarının layiqli cavabı verilməlidir: “Qısa müddətdə Qarabağı azad etmək üçün xalqımız mobilizə olunmalıdır. Biz Amerikadakı azərbaycanlılar da həm təşkilat olaraq, həm də fərdi şəkildə Azərbaycanın mövqeyini yerli cəmiyyətə çatdırmaq üçün əlimizdən gələni edirik və bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Biz də Azərbaycan xalqının əsgərləriyik, yaşadığmız ölkədən və mövqeyimizdən asılı olmayaraq xalqımızın qərarlarını yerinə yetirəcəyik”.

Bu gün cismimiz qürbətdə olsa da, qəlbimiz Azərbaycanda döyünür

Ermənistanın son təxribatı ilə bağlı həmvətənlərinə müraciət edən Nürnberq Universitetinin müəllimi, elmlər doktoru Yaşar Musayev soydaşlarımızı birliyə çağırıb: “Təəssüf ki, bu günədək qəbul olunmuş qərarlara və beynəlxalq qətnamələrə məhəl qoymadan işğalçı Ermənistanın vətənimizə qarşı təcavüzü davam etməkdədir. Bu gün bizim cismimiz qürbətdə olsa da, siyasi baxışlarımızdan və mövqeyimizdən asılı olmayaraq, hər birimizin qəlbi ordumuzla, Azərbaycan əsgəri ilə birgə döyünür. Bu səbəbdən Almaniyada yaşayan bütün azərbaycanlıları iyulun 18-də saat 14:00-da Berlində, Ermənistanın səfirliyi önündə keçiriləcək etiraz aksiyasına qatılmağa səsləyirik”