İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində (Casa Azerbaiyán) iyulun 12-dən başlayaraq ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın törətdiyi hərbi təxribatlara həsr olunmuş tədbir keçirilib.
"Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Türkiyənin Barselonadakı baş konsul köməkçisi Gülay Demirtaş, Barselona Vəkillər Kollegiyasının üzvü, Barselona Universitetinin professoru Xavyer Medina Ortis (Javier Medina Ortiz), “Opportunity Network” şirkətinin vitse-prezidenti Nizami Namazov və diaspor fəalları iştirak ediblər. Tədbirə “zoom meeting” vasitəsilə İspaniyanın digər regionlarında yaşayan azərbaycanlılar, Bilbao və Valensiya regionlarındakı diaspora rəhbərləri Fərid Mustafayev və Mübariz İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva da qatılıblar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri Kərim Kərimov bildirib ki, məqsədləri işğalçı Ermənistanın təxribatı nəticəsində qəhrəmancasına həlak olan şəhidlərimizin ruhunu ehtiramla yad etmək, İspaniya ictimaiyyətinə baş verən təxribat barədə dəqiq və dolğun informasiyanın çatdırılmasında yerli media və digər alternativ vasitələrdən istifadə imkanlarını müzakirə etməkdir. Sonra İspaniya azərbaycanlılarının yerli mediada dərc olunması nəzərdə tutulan bəyanatı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirdə Gülay Demirtaş, Javier Medina Ortiz, Nizami Namazov çıxış ediblər. Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğu, sərhəddə baş verənlərin fonunda Azərbaycan həqiqətlərinin ən real şəkildə İspaniyada təbliği məsələlərindən danışan natiqlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Müzakirələr zamanı soydaşlarımızın fikirləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib. Tədbir iştirakçıları bildiriblər ki, İspaniya azərbaycanlıları olaraq Vətəndən uzaqda yaşasalar da, ürəkləri hər zaman Azərbaycanla döyünür, dövlətimizi, xalqımızı, ordumuzu birmənalı və tam şəkildə dəstəkləyirlər.