Orta Asiya ölkələrində yaşayan azərbaycanlılar dünya ictimaiyyətinə müraciət ediblər

16.07.2020

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhəddimizdə ölkəmizə qarşı hərbi təxribatlar törətməsinə kəskin etirazlarını bildirməkdə davam edir.

Qırğızıstan Xalqları Assambleyası nəzdində Qırğızıstan Azərbaycanlılarının “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası, I dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyevin, Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin sədri Firdovsi Hüseynovun və Qərbi Qazaxıstan vilayətinin yerli qanunverici orqanının deputatı Ənvər Ağayevin, "Ata Yurd-Nomad" Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin sədri Süleyman Əhmədov dünya ictimaiyyətinə və beynəlxalq qurumlara ünvanlanan bəyanatlarında bildirilib ki, keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq daim tarixi Vətənimizdə gedən dəyişiklikləri, ictimai-siyasi prosesləri, mədəni-quruculuq işlərini diqqətlə izləyir və ölkəmizin uğurlarına sevinirik.

Qeyd edilib ki, Qırğızıstan və Özbəkistanda yaşayan soydaşlarımız Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini, sülh prosesini pozmağa yönəlmiş təxribat və zorakılıqları qətiyyətlə pisləyir və birmənalı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda yürütdyü siyasi kursu dəstəkləyirik. Çünki Azərbaycanın dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində atdığı uğurlu addımlar işğal altında olan Dağlıq Qarabağımızın və digər torpaqlarımızın tezliklə azad ediləcəyinə inam yaradır. Soydaşlarımız hesab edirlər ki, Azərbaycan Ordusunun erməni hərbçilərinin Tovuz istiqamətindəki təxribatının qarşısını alaraq, düşmənə layiqli cavab verməsi ölkə Konstitusiyasına və bütün beynəlxalq hüquqi normalara tamamilə uyğundur.

Bəyanat müəllifləri bildiriblər ki, iyulun 12-də Tovuz rayonunda törədilən təxribat BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını Ermənistanın əməldə deyil, sözdə dəstəkləməsinin göstəricisi, beynəlxalq hüquq və çağırışlara məhəl qoymamasının, riyakarlığının və özbaşınalığının növbəti nümunəsidir. Beynəlxalq qurumların bir daha diqqətinə çatdırılıb ki, indiki silahlı basqın təkcə Azərbaycanın dövlət sərhədlərini deyil, həm də insan təfəkkürünün hüdudlarını keçməkdir.

Xaricdə yaşayan soydaşlarımız ölkəmizin ərazi bütövlüyünün bərpası üçün görülən işlərdən qürur duyduqlarını, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi bütün tədbirləri dəstəklədiklərini bildiriblər.
"Biz nahaq qan tökülməsi tərəfdarı deyilik. Sülh və danışıqlar yolu ilə torpaqlarımızın azad olunmasını tələb edirik! Başqa bir ölkənin vətəndaşı olsaq da, Ana Vətənimiz üçün hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq. Ürəkdən əminik ki, əzəli torpaqlarımız işğaldan azad olunacaq, xaricdə yaşayan soydaşlarımızla tarixi Vətənimiz arasında əlaqələrimiz daha da inkişaf edəcək", - deyə Əzizağa Əliyev söyləyib.
Vəziyyətin belə davam etməsinin qeyri-mümkün olduğunu bildirən bəyanat müəllifləri beynəlxalq qurumlardan, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasından ermənilərin təxribatına son qoyulmasını, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz torpaqlarımızdan çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb ediblər.

"Digər halda biz yalnız öz gücümüzə güvənməli olacağıq və ərazi bütövlüyünün bərpası, Azərbaycan torpaqlarının erməni qəsbkarlarından təmizlənməsi işində Azərbaycanın Silahlı Qüvvələrinə yardım etməkdən ötrü könüllü dəstələr yaradılması məsələsini nəzərdən keçirəcəyik" - deyə Firdovsi Hüseynov vurğulayıb.

"Biz azərbaycanlı olaraq Ali Baş Komandanımız İlham Əliyevin əmrini gözləyirik və hər zaman Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan, qanımızdan keçməyə hazırıq. Biz hansı ölkədə yaşamağımıza, hansı ölkənin vətəndaşı olmağımıza baxmayaraq hər zaman cənab prezidentimizin ətrafında sıx birləşməyə hazırıq" - deyə Ənvər Ağayev bildirib.