Kalifornyada yaşayan soydaşlarımız ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistanın törətdiyi təxribatla bağlı petisiya hazırlayaraq Ağ ev Administrasiyasına və 30-a yaxın konqres nümayəndəsinə ünvanlayıblar.
Ermənistanın 12 iyul tarixli hərbi təxribatı barədə ətraflı məlumat verilən müraciətdə bildirilib ki, Tovuz bölgəsi Azərbaycanın şimal-qərbində, Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayondan çox uzaqda yerləşir: "Ermənistanın bu bölgəyə hücumu, təxribatın ərazilərin genişləndirilməsi məqsədi ilə həyata keçirildiyini sübut edir".
BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası, Avropa Parlamenti, NATO, İƏT, NAM (Qoşulmama Hərəkatı) və bir çox digər beynəlxalq təşkilatların Ermənistandan öz hərbi qüvvələrini işğal olunmuş bölgələrdən tam və dərhal çıxarılmasını tələb etdiyini xatırladan müraciət müəllifləri qeyd ediblər ki, buna baxmayaraq bu günə qədər Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altında qalmaqdadır.
Müraciətin sonunda Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın dövlət sərhəddinə hücum etməsinə, Azərbaycan hərbçilərini və dinc sakinləri qətlə yetirməsinə görə məsuliyyətə cəlb olunması tələb edilib: "Sizdən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını, Ermənistandan beynəlxalq hüquq normalarına və insan hüquqları konvensiyasına əməl etməsini, Azərbaycanın əzəli torpaqları hesabına ərazisini genişləndirmək cəhdlərini dayandırmasını tələb etməyinizi xahiş edirik".