"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası təxribatlara son qoyulmasını tələb edir

15.07.2020

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatı sərt şəkildə pisləyib.

Tovuz cəbhəsində baş verən erməni təxribatı zamanı qəhrəmancasına həlak olan hərbçilərimizin doğmalarına və əzizlərinə başsağlığı verən "Azİz" qeyd edib ki, məhz Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini pozaraq, Azərbaycanın sərhədyanı rayonlarını artilleriya zərbələrinə məruz qoyublar və ölkəmizin ərazilərini ələ keçirməyə cəhd ediblər. Amma Azərbaycan ordusu cavab tədbirləri ilə bu məkrli niyyətin qarşısını alıb.

İsraildə fəaliyyət göstərən Azərbaycan icmasının minlərlə üzvü adından çıxış edən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası insanların həyatının təhlükə altına qoyulmaması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı təcavüzünün dayandırılması, Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatların qarşısının alınması çağırışı ilə dünya birliyinə, nüfuzlu Kütləvi İnformasiya Vasitələrinə, BMT-nin Təhlükəsizlik Şurasına və Baş Assambleyasına, ATƏT-in Minsk Qrupuna, Avropa Şurasına və Avropa Parlamentinə müraciət edib.

Assosiasiya həmçinin bu təşkilatları və dünya ictimai fikrini Dağlıq Qarabağın və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalını pisləməyə, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünə çevrilmiş dinc sakinlərin doğma yurdlarına qayıdışının təmin olunmasını tələb etməyə çağırıb. Çünki sülh və ədalət Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasını tələb edir.