Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindən Azərbaycanın dövlət sərhədini pozmaqla hərbi təxribat törətməsi Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının kəskin etirazına səbəb olub.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat katibi Nərgiz Cəfərova bildirib ki, Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” idman klubunun ofisində keçirilən toplantıda Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan diaspor təşkilatlarının, eləcə də Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin nümayəndələri iştirak ediblər.
Toplantını açan BAK rəhbəri Elsevər Məmmədovun təklifi ilə öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Birlik nümayiş etdirərək toplantıya qatılan bütün diaspor təşkilatlarına təşəkkürünü bildirən BAK sədri qeyd edib ki, iyulun 12-də tarixi Vətənimizin yenidən qəfil düşmən hücumuna məruz qalması xəbərini eşidən xaricdəki bütün soydaşlarımız böyük narahatlıq içərisindədir. "Hər kəsin qəlbi Vətənimizlə döyünür. Hər birimiz uzaqdan da olsa, nəsə etmək istəyirik, dövlətimizə, ordumuza, əsgərlərimizə dəstək olmaq üçün yollar axtarırıq. Buraya toplanmaqda da məqsədimiz ağır gündə fərdi deyil, məqsədyönlü və koordinasiyalı şəkildə addımlar atmaq üçün planlar qurmaqdır” - deyə o, bildirib.
Sonra Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri Mayisə Ağamirzəyeva, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin başkanı İlhan Aşkın, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının digər əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev və digər təşkilatların rəhbərləri Elxan Mirhəşimli, Firəngiz Bağırova, Sima Cəfərova, Kəmalə Ceylinova, İlkin Hüseynov çıxış ediblər.
Natiqlər mənfur düşmənin gözlənilməz təcavüzünü pisləyərək bu ağır günlərdə xalqımızın, dövlətimizin və ordumuzun yanında dayandıqlarını bəyan ediblər. Onlar xatırladıblar ki, dəfələrlə erməni hərbi hissələrinin hücumuna məruz qalan Azərbaycan ordusu hər dəfə bu ağır sınaqlardan üzüağ çıxıb, amma Aprel döyüşləri zamanı layiqincə dərs alan ermənilər, təəssüf ki, bundan zəruri nəticə çıxarmayıblar: "Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı günlərdə ermənilərin atdığı bu addım isə heç bir insanlığa sığmır. Biz, Azərbaycan diaspor təşkilatları, bu erməni vəhşiliyini bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu gün birlik günüdür, “Biz səninləyik Azərbaycan, qəlbimiz Vətənlə döyünür!” deməyə toplaşmışıq”, - deyə Mayisə Ağamirzəyeva vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan xalqının kədəri həm də Tükiyənin və Türk Dünyasınındır. "Artıq 30 ildir ki, Azərbaycan xalqının qanı axıdılır, şəhidlərin sayı hər gün artır. Doğrudur, Vətən şəhid qanı ilə qorunar, bayraqları bayraq yapan uğrunda tökülən qandır. Amma artıq insanların səbri tükənib və bu savaşa son qoyulmalıdır, erməni vandalları torpaqlarımızdan qovulmalıdır. Biz də Niderlandda fəaliyyət göstərən diasporçular və arxamızda olan minlərlə soydaşlarımız hər zaman dövlətimizin, xalqımızın və əsgərlərimizin yanındayıq”, - deyə İlhan Aşkın söyləyib.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev isə Ermənistanın növbəti təxribatı barədə Niderland dilində bəyanatın hazırlanması, sənədin sosial media şəbəkələri vasitəsilə yerli ictimaiyyətinin diqqətinə çatdırılması, bu ölkədə fəaliyyət göstərən bütün diaspor təşkilatlarının imzası ilə nüfuzlu beynəlxalq qurumlara göndərilməsi təklifini irəli sürüb.
Sonda toplantı iştirakçıları Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını pisləyən bəyanatların ingilis və Niderland dillərində yayılması, bütün beynəlxalq qurumlara göndərilməsi, erməni vəhşiliyini ictimaiyyətin diqqətinə çatdırmaq üçün Ermənistan səfirliyinin və Niderland Parlamentinin qarşısında etiraz aksiyaları təşkil edilməsi (mövcud pandemiya qaydalarını pozmamaq şərtilə), Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərilməsi barədə qərar qəbul edib.