Avstraliyada yaşayan soydaşlarımız Ermənistanın təxribatına kəskin etirazını bildirib

15.07.2020

İyulun 12-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribat törətməsi bütün soydaşlarımız kimi Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) da kəskin etirazına səbəb olub.

AAA-nın prezidenti Mikayıl Oytanın Avstraliyanın xarici işlər naziri Mariz Peynə ünvanladığı müraciətində bildirilib ki, dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələri Azərbaycanı təxribata çəkməkdə davam edir. Tovuz rayonunun Dağlıq Qarabağ bölgəsindən təxminən 100 kilometr kənarda olduğu, bilavasitə Dağlıq-Qarabağ münaqişəsi ilə əlaqədar olmadığını vurğulayan diaspor təşkilatının rəhbəri qeyd edib ki, bu təxribatı törətməklə Paşinyan hökuməti xalqı daxili problemlərdən, istefa tələblərindən yayındırmaq və diqqəti ümumi düşmən kimi qələmə verdikləri Azərbaycana yönəltmək məqsədi güdüb.

M.Oyta qeyd edib ki, Azərbaycanla dövlət sərhədlərinin hərbiləşdirilməsi və yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Ermənistan dövlətinin təcavüzkar xarakterini bir daha nümayiş etdirir. BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin dərhal və qeyd-şərtsiz azad olunması tələbi ilə bağlı müvafiq qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirir.

"Azərbaycanın Tovuz rayonunda təxribat törətməsi bir daha Ermənistanın riyakarlığını nümayiş etdirir. Çünki bu hadisə Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşı riyakarlığını bir daha nümayiş etdirir" - deyə AAA prezidenti vurğulayıb.

Avstraliya XİN-nin başçısının nəzərinə çatdırılıb ki, Ermənistanın müxtəlif təxribatlara əl atmasına baxmayaraq, Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olduğunu bəyan edib, amma, eyni zamanda, öz ərazilərini işğaldan azad etmək və vətəndaşlarının təhlükləsizliyini qorumaq kimi müstəsna hüququnu da özündə saxlayır. Ermənistanın tükənməyən təxribatları isə Azərbaycan ordusunu cavab tədbirləri görməyə vadar edir.

Sonda qeyd edilib ki, 55 milyon azərbaycanlı torpaqlarımızın işğaldan azad olunması və xalqımıza qarşı törədilən istənilən təcavüzün qarşısının alınması naminə Azərbaycan hökümətinin və ordumuzun atdığı bütün addımları dəstəkləyir: "Biz Azərbaycan torpaqlarının geri qaytarılmasına və bölgədə erməni təcavüzünə son qoyulmasına ümid edirik".