Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində hərbi təxribata yol verməsi və yaşayış məntəqələrini artilleriya atəşinə tutması qardaş Türkiyədə böyük narahatlıq və hiddətlə qarşılanıb.
Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) sədrinin köməkçisi Sərdar Ünsal, İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyinin (İS-TAD) sədri Səfər Qaraqoyunlu, Manisa–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Taşdəmir, Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmir və İstanbulda yaşayan soydaşımız, jurnalist-yazar Şəbnəm Karslı Ermənistanın törətdiyi təxribatı kəskin şəkildə qınadıqlarını bəyan ediblər.
Onların bəyanatlarında yeni təxribat axtarışına çıxan Ermənistanın azərbaycanlı hərbçilərin şəhid olmasına səbəb olduğu, bunun qarşılığında Azərbaycan Ordusundan lazımi cavab aldığı vurğulanıb. Qeyd edilib ki, 1828-ci ildən Azərbaycana yerləşdirilən ermənilər əzəli torpaqlarımızı işğal etməklə, 1918 və 1992-ci ildə dəhşətli soyqırımlar törətməklə doğma yurdumuza və xalqımıza böyük acılar yaşadıblar. "Təcavüzkar Ermənistan və onların havadarları bilməlidirlər ki, dünya savaş tarixi Azərbaycan və Anadolu türklərinin zəfər qazanmalarına dəfələrlə şahid olub. İşğal etdiyi torpaqlardan çıxmadığı kimi utanmadan Azərbaycana hücum edən Ermənistanın layiqli cavabı verilməlidir".
Bəyanat müəllifləri ATƏT-in Minsk Qrupunu Ermənistanın işğalçı siyasətinə göz yummaqda ittiham edərək, 30 ildir aparılan danışıqların nəticəsiz qaldığını, seçilən taktikanın işğal müddətinin uzadılmasına xidmət etdiyini vurğulayıblar. Onlar görüntü xatirinə danışıqlar aparan ATƏT-in Minsk Qrupunu, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə biganəlik nümayiş etdirən Avropa Şurasını sərt şəkildə qinayıblar.
Türkiyənin hər zaman olduğu kimi Azərbaycanın yanında olduğu, Ermənistanın təcavüzkar siyasətinə "dur" deməyin zamanının gəldiyi, Azərbaycan Ordusunun bunu həyata keçirmək qüdrətində olduğu bildirilib. "Ermənilər bilməlidir ki, Azərbaycan yalnız deyil. Azərbaycanın düşmənə verəcək nəinki bir qarış torpağı, heç kiçik cınqıl daşı belə yoxdur. 81 milyonluq Türkiyə və 300 milyonluq Türk Dünyası Azərbaycanın haqlı davasının yanındadır. Hörmətli dövlət başçımız İlham Əliyevin bir işarəsini gözləyirik. Hörmətli Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti və xalqı bizim parlayan ulduzumuzdur. Hər birimiz hər zaman Azərbaycanın yanındayiq, dualarımız Azərbaycan xalqı və ordu ilədir. Ermənistan yanlış yoldadır. Ermənistana xəbərdarlıq edirik, bölgədə qan və gözyaşı istəmirik. Amma Türk millətinin səbri daşmaq üzrədir. Bölgədə davamlı sülhün olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməlidir", - deyə bəyanat müəllifləri vurğulayıblar.