Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir

15.07.2020

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub.

Avropa Azərbaycanlıları Konqresinin (AAK) beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirilib ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri Ermənistanın beynəlxalq hüquq normalarına riayət etmədiyini bir daha sübut edir: "Biz dünya ictimaiyyətinə, BMT-yə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, digər beynəlxalq qurumlara müraciət edərək, israrla onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırırıq".

Soydaşlarımız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərini və nüfuzlu beynəlxalq qurumları ermənilərin törətdikləri təxribatlara susmaqda ittiham ediblər: "Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması, təcavüzkarın əl-qolunu daha da açır, Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsinə səbəb olur. Biz bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk".

AAK bəyan edib ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyir: "Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək. Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi beynəlxalq təşkilatları dinc sakinlərin – qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün, nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır".