“Beyin qazanma proqramı” çərçivəsində tibb mütəxəssisləri ilə videokonfranslar keçirilib

13.07.2020

“Beyin qazanma proqramı” çərçivəsində keçirilən növbəti virtual tədbirlərdə Kanadanın Cənubi sağlamlıq şəhərciyinin anesteziologiya şöbəsinin anestezioloqu Leyla Bağırzadə, İsrailin Şeba Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vladislav Litaçevski, Psixiatriya şöbəsinin müdiri Mark Veyzer, “A” Psixiatriya şöbəsinin müdiri Asaf Kaspi, Azərbaycan diaspor həkimləri, Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyəti, Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mudiri Müşfiq Orucov və ABŞ-nın Vaşinqton şəhərində yaşayan, “NİH” Klinikasının nevroloqu Nigar Dərgahzadənin moderatorluqları ilə gerçəkləşdirilən tədbirlərdə Leyla Bağırzadə “Spinal punksiya sonrakı baş ağrısı və epidural analjeziyanın nevroloji ağırlaşmaları”, Vladisav Litaçevski “Şeba Tibb Mərkəzinin COVİD-19-la mübarizə təcrübəsi”, Mark Veyzer və Asaf Kaspi “Ruhi sağlamlıq və COVİD-19” mövzuları üzrə məruzəçi qismində çıxış ediblər.

Tədbir iştirakçılarının çoxsaylı suallarının cavablandırıldığı videokonfranslar https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını bölüşməsi üçün mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin gücləndirilməsindən ibarətdir.