“Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində məcburi köçkün uşaqlarının ABŞ, Kanada, Rusiya və Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporundakı həmyaşıdları ilə virtual görüşü təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan virtual tədbir İsveç–Azərbaycan birliyinin sədri və “Qarabağ” məktəbinin rəhbəri Sevda Dadaşovanın moderatorluğu ilə aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Nazilə Alməmmədova qonaqları salamlayaraq, diasporumuzun gənc nümayəndələrinin dövlətimizin tarixi ilə daha da yaxından tanış olmasının, belə mövzularda tədbirlərin gerçəkləşdirilməsinin maarifləndirici səciyyə daşıdığını bildiriblər.
Virtual görüş zamanı xaricdə yaşayan soydaşlarımızın övladları – Nabat Eminova (ABŞ), Cəmilə Əhmədova (ABŞ), Nahidə Abduləzizova (Rusiya), Eldar Həsənli və Dəniz Haditalabı (Kanada), Turan Bağırov (Rusiya), Surə Gündogdu (Niderland Krallığı) tarixi vətənləri olan Azərbaycanın işğal olunmuş əraziləri barədə təqdimatlarla çıxış ediblər. Məcburi köçkünlərin uşaqlarını təmsil edən Sənəm Quliyeva (Xocavənd), Ayşə Quliyeva (Xocalı), Vüqar Quliyev (Şuşa), Şövkət Bəndəliyeva (Laçın), Ləman Qurbanlı (Kəlbəcər), Ruslan Məmmədli (Ağdam), Aysurə Həsənova (Cəbrayıl), Aytac Kazımlı (Qubadlı), Jalə Eyvazova (Fizuli), Əkbər Məmmədzadə (Zəngilan) isə öz həyatları, Qarabağın və ətraf rayonların qaytarılmasına dair ümidlərindən danışıblar.
Görüş Türkiyədə yaşayan tanınmış pianoçu, dirijor, bəstəkar, Əməkdar artist Turan Manafzadənin ifasında Xocalı soyqırımına həsr olunmuş musiqi kompozisiyasının səsləndirilməsi ilə davam edib.
Tədbiri yekunlaşdıran Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərova xaricdə yaşayan azərbaycanlı gəncləri Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, tədbir sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.