Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan diaspor gənclərini tanıyaq” layihəsi çərçivəsində xaricdə yaşayan gənclərlə videogörüşlər təşkil edilib.
Layihənin ilk qonağı Sankt-Peterbuqda Azərbaycan Gənclər Assosiasiyası “Simurq” birliyinin qurucularından olan Eldar Əlizadə olub. Tədbir Türkiyədə yaşayan diaspor fəalı, tanınmış pianoçu, dirijor, bəstəkar, Əməkdar artist Turan Manafzadənın fortepianoda çıxışı ilə başlayıb. İstedadlı pianoçu öz ifası ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Sonra videogörüşlər Vyana Dövlət Tibb Universitetinin tələbəsi, Avstriya Azərbaycanlıları Akademik Birliyinin sədri Rüstəm Qurbanov, Qaçqınlıq və Miqrasiya üzrə beynəlxalq sosial işçi Nigar İbrahimova ilə davam etdirilib.
Gənclər bildiriblər ki, Azərbaycanda doğulublar, təhsillərini burada alıblar və ailələri vətəndə yaşayır. Qeyd ediblər ki, sonradan təhsillərini davam etdirmək və karyeralarında daha böyük uğurlar əldə etmək arzusu ilə xarici ölkələrə üz tutublar. Qonaqlar hazırda yaşadıqları ölkələrdə təhsil, iş həyatları, maraqları, nailiyyətləri, üzvü olduqları təşkilatların gerçəkləşdirdikləri işlər, Azərbaycanın tanıdılması istiqamətində həyata keçirdikləri tədbirlərdən ətraflı məlumat veriblər və diaspor fəaliyyətinin bəxş etdiyi töhfələrdən danışıblar.
İştirakçıların çoxsaylı suallarının cavablandırıldığı videogörüşlər və müzakirələr sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan diaspor gənclərini tanıyaq” layihəsinin məqsədi diaspor gənclərini dünyada tanıtmaq və onları daha yaxından tanımaqdır.