Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Liderliyin inkişafı proqramı” çərçivəsində təşkil olunan videokonfrans liderliyin fəlsəfəsinə həsr olunub. Virtual tədbirin qonağı “Liderlik fəlsəfəsi” kitabının müəllifi, kimya elmləri doktoru, professor, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov olub.
Məruzəçi liderlik fəlsəfəsinin məzmunu və mahiyyətindən danışıb, şəxsi mülahizələrini və fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Qonaq bu fəlsəfəni anlamaq üçün liderliyin bütün keyfiyyətlərini özündə cəmləşdirən görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolunu və fəaliyyətini öyrənməyi konfrans iştirakçılarına tövsiyə edib, eyni zamanda öz fikirlərini böyük öndərin irsinə aid nümunələrlə əsaslandırıb. Türk dünyasının tarix boyu yetişdirdiyi dünya miqyaslı liderlərin fəaliyyətinə də qısa ekskurs edən akademik türk xalqlarının dövlətçilik ənənəsində qadın liderlərin xüsusi çəkisi barədə də söz açıb.
Tədbir məruzəçinin “Liderliyin İnkişafı Proqramı”nın iştirakçısı olmuş, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin idarə heyətinin sədri Murad Muradovun, eləcə də müxtəlif ölkələrdən Azərbaycan diaspor nümayəndələri daxil olmaqla digər videokonfrans iştirakçılarının ünvanladığı sualları cavablandırması və fikir mübadiləsinin aparılması ilə başa çatıb.
Qeyd edək ki, 2019-cu ilin dekabrından həyata keçirilən “Liderliyin İnkişafı Proqramı”nın məqsədi – xaricdəki soydaşlarımız arasında milli kimliyin qorunub-saxlanılması və təşviqinə dəstək verilməsi, Azərbaycan reallıqlarının dünyada təbliğ olunması, icmalarımızın, xalqımıza dost olan digər xalqların diaspor təşkilatlarının və eləcə də onların yaşadıqları ölkələrin Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması işinə töhfə verilməsi və bu məqsədlə icma üzvləri arasında liderlik keyfiyyətlərinin təşviq edilməsidir.