Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların təmsilçiləri ilə müzakirələr aparılıb

06.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin növbəti videogörüşləri “Ukraynalılar Azərbaycanda”, “Azərbaycan–Hindistan dostluğu” və “Azərbaycanın rus icması” mövzularına həsr olunub.

Virtual tədbirlərin qonaqları Azərbaycanın Ukrayna Konqresinin sədri Yuri Osadçenko, Hindistan–Azərbaycan Assosiasiyasının sədri Cekob Metyu, Hindistan–Azərbaycan Assosiasiyasının həmtəsisiçisi Dr.Ronald D'Mello, Bakı–Malayali Assosiasiyasının sədri Anand Menon, Bakı–Tamil Sanqamın sədr vəzifələrini icra edən Martanda Mahadevan, Azərbaycan–Teluqu Assosiasiyasının sədri Srucana Çandra və Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina olublar.

Yuri Osadçenko, Hindistan diasporunun nümayəndələri və Anastasiya Lavrina Ukrayna, Hindistan və rus icmalarının yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri tədbirlər, azərbaycanlılarla qarşılıqlı əlaqələri barədə ətraflı məlumat verib, Diasporla İş üzrə Dövlət Komitəsinin ölkədəki müxtəlif icmalarla birgə əməkdaşlığa maraq göstərməsindən məmnun olduqlarını bildiriblər.

Ukraynalıların Azərbaycanda müxtəlif sahələrdə təmsil olunduğu, Ukraynadakı Azərbaycan diasporu ilə mütəmadi olaraq qarşılıqlı əlaqələrin saxlanıldığı, erməni təxribatlarının qarşısının alınması istiqamətində koordinasiyalı şəkildə birgə fəaliyyət göstərdikləri vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə ukraynalıların iştirakına dair xatirələrdən danışılıb.

Hindlilər və azərbaycanlılar arasındakı oxşarlıqlar, ölkəmizdə tolerantlıq, qonaqpərvərlik, digər millətlərin nümayəndələri ilə dostluq münasibətlərinin hər zaman qorunduğu, son illlərdə hindistanlıların turizm, səhiyyə, təhsillə bağlı Azərbaycana üz tutduqları bildirilib, iki ölkə arasında mövcud olan dostluq və diplomatik münasibətlərin gələcək inkişafına uğurlar arzulanıb.

Rusiya Federasiyasının hüdudlarından kənarda ən böyük rus diasporundan birinin Azərbaycanda olduğu, onların Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün görülən işlər, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan və rus icmalarının təşkil etdikləri hüquqi yardım kampaniyalarının iki dövlət arasında humanitar əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha sübut etdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rus icmasının rolu və fəaliyyəti, 90-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə azərbaycanlılarla birlikdə rus icması üzvlərinin də yaxından iştirak etdiyi vurğulanıb.

Sonda icmaların rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin bu formatda virtual görüşlər təşkil etməsini təqdir etdiklərini bildiriblər. Görüşlər sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi – Azərbaycandakı multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdən ibarətdir.