“E-akademiya” layihəsi çərçivəsində Silahlı Qüvvələr Günü qeyd olunub

01.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “E-akademiya” layihəsi çərçivəsində 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş videokonfrans təşkil edilib.

Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi Billurə Bayramova-Bernardın moderatorluğu ilə keçirilən virtual tədbirdə ABŞ Hərbi Qüvvələri Nazirliyi, Hərbi Dəniz Qüvvələri Komandanlığı, Planlar, Strategiya və Siyasət şöbəsi, Rusiya və NATO bölməsi rəisi, Azərbaycan əsilli komandir Con Nəimi Əmiral, Şuşa rayon təhsil şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, “Zəfər” Şəhid Ailələrinə Dəstək ictimai birliyinin rəhbəri Sevinc Əlizadə, Aprel döyüşləri qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov iştirak ediblər.

Tədbirdə Con Nəimi Əmiral, Təvəkkül Əliyev, Sevinc Əlizadə və Əhliyət Mehdiyev çıxış edərək, 26 iyun tarixinin əhəmiyyəti və Azərbaycan Ordusu barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, milli ordunun yaradılması Vətənimizin əldə etdiyi böyük tarixi nailiyyətlərdən biridir, dünya azərbaycanlıları və Türk dünyası bu hadisə ilə qürur duyur.

Natiqlər ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində əvəzsiz xidmətlər göstərdiyini xatırladaraq, Prezident və Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan ordusunun inkişafını qeyd ediblər. Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə paytaxtımızın Azadlıq meydanında keçirilən hərbi paradların silahlı qüvvələrimizin gücünü, döyüş qabiliyyətini nümayiş etdirdiyi, Aprel döyüşlərinin ölkəmizdə və xaricdə yaşayan soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdığı, hər bir azərbaycanlının Ermənistan kimi işğalçı dövlətə qarşı aparılan informasiya müharibəsində fəal olmalarının vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən günlərlə bağlı Dövlət Komitəsinin müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndiriblər.

Virtual tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.