Pandemiya dövründə qadınların fəaliyyəti müzakirə olunub

01.07.2020

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "COVID-19 salnamələri: bir qadının perspektivi" adlı beynəlxalq vebinarda pandemiya dövründə qadınların cəmiyyətdə rolu və problemləri müzakirə edilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı və “Azərbaycan diaspor qadınları şəbəkəsi”nin layihə rəhbəri Nigar Cavanşirzadə də iştirak edib.

Müxtəlif ölkələrdən 50 nəfərə yaxın iştirakçının qatıldığı vebinarın məqsədi yeni növ koronavirus pandemiyasının qadınların həyat və fəaliyyətinə təsirini təhlil etmək, eləcə də onların üzləşdiyi problemlərin həlli yollarını müzakirə etmək olub.

Tədbir iştirakçılarını salamlayan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin direktoru Mehrin Gülünün giriş nitqində qadınların cəmiyyətdəki və dövlət quruculuğunda konstruktiv rolundan danışıb.

Dövlət Komitəsinin əməkdaşı N.Cavanşirzadə COVID-19 pandemiyasının yaratdığı mürəkkəb şəraitdə qadınlara dəstək olmağın zəruriliyini qeyd edərək Azərbaycan hökumətinin həyata keçirdiyi sosial yönümlü tədbirlər, aztəminatlı ailələrə göstərilən maddi və mənəvi dəstək barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edənlər pandemiyanın yaratdığı problemlər, COVID-19 ilə mübarizədə qadınların rolu, qarşılaşdıqları çətinliklər və həlli yolları istiqamətində fikirlərini bildiriblər.

Beynəlxalq tədbir Qlobal və Strateji Araşdırmalar Mərkəzinin facebook səhifəsi üzərindən canlı yayımlanıb və dünyanın müxtəlif kütləvi informasiya vasitələrində dərc edilib.

Tədbirlə daha ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür: https://dnd.com.pk/cgss-organizes-webinar-on-covid-19-chronicles-a-women-perspective/192502