Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “E-akademiya” layihəsi çərçivəsində ilk dəfə olaraq Azərbaycan Diaspor Gənclərinin (ADG) cəbhə bölgəsində yaşayan yaşıdları ilə videogörüşü təşkil edilib.
Tədbiri giriş sözü ilə açan ADG-nin İtaliya üzrə koordinatoru Emin Rüstəmov qonaqları salamlayıb. Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) layihə koordinatoru Fariz Vəliyev sözügedən proqram barədə iştirakçılara geniş məlumat verib. Bildirib ki, AYAP layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı, BMT-nin UNİCEF uşaq fondu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Son 3 il ərzində BAMF Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində yerli icra hakimiyyəti orqanları ilə birgə 3 cəbhəyanı bölgədə (Tərtər, Goranboy, Bərdə) yaşayan yeniyetmə və gənclərin ehtiyaclarının araşdırılması və qarşılanması istiqamətində tədbirlər görülməsinə nail olub.
Tərtər rayonunda yaşayan və layihədə iştirak edən gənclərdən Nərmin İbrahimova, Əfşanə Əlizadə, Leyla Xuduzadə, Əsmər Nəsirova cəbhə bölgəsindəki həyat tərzi, çətinliklər, fərqliliklər, ehtiyaclar haqqında ətraflı danışıblar.
ADG-nin dünyanın müxtəlif olkələrində yaşayan nümyəndələri Günel Nəsirova, Tural Həsənov, Ülvi İmanov, Kərim Kərimov və Ayaz Əzizov cəhbə bölgəsində yaşamağın çətinliklərini qeyd edib, həmin gənclərə hər zaman dəstək göstərməyə hazır olduqlarını vurğulayıb, onların gələcəkdə öz həyatlarını uğurlu qurmaları üçün tövsiyələrini bölüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov təmsil etdiyi qurumun strategiyası və fəaliyyəti barədə məlumat verib. Bu cür görüşlərin və digər layihələrin mütəmadi olaraq həyata keçirilməsini təklif edən şöbə müdiri bildirib ki, intensiv əlaqələrin qurulması cəbhə xəttindəki insanların vəziyyəti haqqında həqiqətləri və ermənilərin işğalçılıq siyasətinin vətəndaşlarımıza vurduğu zərərin nəticələri barədə dolğun informasiyanı dünyaya çatdırmağa imkan yaradacaq.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “E-akademiya” layihəsi bu ilin aprel ayından həyata keçirilir. Əsas məqsəd yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.