Budapeştdəki “Azərbaycan evi” həmvətənlərimizin sığınacaq yerinə çevrilib

30.06.2020

COVID-19 koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstərən “Azərbaycan evi” gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“Azərbaycan evi”nin rəhbəri, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli bildirib ki: hazırda Budapeşt şəhərində təhsil alan 140 nəfərdən çox tələbə və 10 nəfər vətəndaşımız səbrsizliklə Azərbaycana dönə biləcəkləri günü gözləyirlər. Onun sözlərinə görə, bir qrup Azərbaycan vətəndaşı turist kimi Macarıstana gəlib və vaxtında vətənə qayıda bilməyiblər. Onlardan 3 nəfəri tamamilə “Azərbaycan evi”nin himayəsinə götürülüb, eləcə də “Azərbaycan evi”nin dəstəyilə iki nəfərin vizalarının müddəti uzadılıb, onlara maddi və tibbi yardımlar göstərilib.

“Azərbaycan evi”ndə toplantı keçirən vətəndaşlarımız Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə müraciət edərək, dövlətimizin köməyi ilə vətənə dönmələrinin təmin olunmasına yardım göstərməyi xahiş ediblər.