“Müxtəlif olsaqda birlikdə güclüyük” layihəsi çərçivəsində videogörüşlər keçirilib

29.06.2020

Layihənin növbəti qonaqları Pakistan diasporunun Azərbaycandakı nümayəndəsi Əhməd Əli Şah, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin direktoru Xalid Teymur, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin elmi katibi, tarix elmləri doktoru, Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvü Həcər Verdiyeva, “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Yujanina və sədr müavini Telman Hüseynov olub.

Əhməd Əli Şah Azərbaycandakı təhsili, təcrübəsi, iş və ailə həyatı barədə ətraflı məlumat verib, burada hər zaman özünü doğma hiss etdiyindən, mədəniyyət və mətbəxlərimiz arasındakı yaxınlıqdan bəhs edib.

Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixi və mədəni köklərindən danışan Xalid Teymur, məhz Pakistanın ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, Azərbaycanın ərazi bütovlüyünü hər zaman dəstəklədiyini xatırladıb. Son illər pakistanlı turistlərin Azərbaycana üz tutduğu diqqətə çatdırılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Çingiz Abdullayev və Həcər Verdiyeva almanların Azərbaycanda məskunlaşması, koloniyaları, tarixi, mədəniyyəti, memarlıq abidələri ilə iştirakçıları yaxından tanış ediblər. Almanların Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində və erməni daşnaklarının cinayətlərinin aşkar edilməsində yaxından iştirak etdikləri, onların Azərbaycanda məskunlaşmasının 190 və 200 illik yubileylərinə həsr olunmuş sərgi və beynəlxalq konfransların keçirildiyi, bu cür tədbirlərin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənlərinin qorunmasına xidmət etdiyi vurğulanıb.

Olqa Yujanina və Telman Hüseynov isə Polşa İcmasının tarixi və fəaliyyəti, həyata keçiridiyi mədəni tədbirlər, Polşa arxitekturası, polyakların XIX əsrdən etibarən Azərbaycanda məskunlaşmağa başladıqları, buranı çox sevdikləri barədə məlumat verib, ölkəmizlə bağlı həqiqətlərin Polşada təbliğ edilməsi istiqamətində gördükləri işlərdən bəhs ediblər. Görüş zamanı Telman Hüseynovun Azərbaycan və Polşa dillərində ifası səsləndirilib.

Görüşlər sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi Azərbaycandakı multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdir.