Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən E-akademiya layihəsi çərçivəsində keçirilən növbəti videokonfrans COVID-19 pandemiyasına qarşı mübarizə aparan fədakar tibb işçilərinə həsr olunub.
Virtual tədbirin qonağı Moskva vilayətindəki Krasnoqorsk Şəhər Xəstəxanasında prosedur tibb bacısı vəzifəsində çalışan həmyerlimiz Nuranə Eminova olub.
Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəalı İlahə Ələkbərovanın moderatorluğu ilə gerçəkləşdirilən tədbirdə qeyd edilib ki, Nuranə xanım pandemiya dönəmində əsl tibb bacısına xas olan fədakar və yorulmaz işi ilə Moskvada böyük rəğbət və hörmət qazanıb. Moskva küçələrində onun şəkli ilə bannerlər yerləşdirilib. Bannerlərdə COVİD-19 xəstələrinə xidmət edən Nuranə Eminovanın simasında bütün tibb personalına təşəkkür bildirilib. Bu hadisə Rusiyadakı soydaşlarımızda və Azərbaycanda qürur hissi yaradıb.
Online görüş zamanı COVID-19 pandemiyası ilə mübarizədə yaşanılan çətinliklər, görülən işlər barədə danışan Nuranə Eminova Azərbaycanda həyata keçirilən tədbirləri də izlədiyini bildirib. O, qeyd edib ki, ölkəmiz COVID-19 pandemiyası əleyhinə ən uğurlu tədbirləri həyata keçirir: “Ölkə rəhbərliyinə, cənab Prezident İlham Əliyevə və dövlətimizin digər məsul şəxslərinə minnətdarlığımı bildirirəm. Çox yaxşı və ciddi tədbirlər gördülər. Dünya üzrə ən az xəstə və ölü sayı Azərbaycandadır”.
Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın qatıldıqları vüdeogörüş sosial şəbəkə hesabları üzərindən canlı yayımlanıb.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin E-akademiya layihəsi bu ilin aprel ayından həyata keçirilir. Əsas məqsəd yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.