Türkiyə mediasında ermənilərin “Nemezis” terror aksiyasından bəhs edilib

25.06.2020

Türkiyənin "Star" qəzetində Daşnaksütyun partiyasının keçirdiyi "Nemezis" terror aksiyasından bəhs edən "100 yıl önce Nemesis, bugün PKK" başlıqlı məqalə dərc olunub.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attarın qələmə aldığı məqalədə 100 il öncə ermənilərin Daşnaksütyun partiyasının yaratdığı "Nemezis" terror təşkilatının Türkiyəyə qarşı törətdiyi amansız cinayətlərdən bəhs edilib.

Məqalədə terrorçuların hazırladığı ölüm siyahısına, ermənilərin terror ekstremizmini dövlət siyasətinə çevirdiyinə və indiyə qədər bəşəri dəyərlərə zidd olan bu siyasəti davam etdirməklə bölgədə sülhün bərqarar olunması təşəbbüslərinə xələl gətirdiklərinə diqqət cəlb edilib. “Nemezis”in siyahısına “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın görkəmli dövlət xadimlərinin və ziyalılarının adlarının salındığı vurğulanıb. “Nemezis”in ilk terror qurbanının Azərbaycan Demokratik Respublikasının sabiq baş naziri Fətəli xan Xoyskinin olduğu, onun 19 iyun 1920-ci ildə Tiflisdə qətlə yetirildiyi bildirilib. Eyni zamanda, terror təşkilatının sonrakı illərdə törətdiyi qətllər də məqalədə işıqlandırılır.

Məqalədə son zamanlar Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatlarının bölgədəki sülh və sabitliyin təmin olunmasındakı əhəmiyyəti, ASALA, PKK və digər terror təşkilatlarının Azərbaycan və Türkiyə ərazilərində törətdikləri çoxsaylı cinayətlər, hər iki dövlətin terrorçulara qarşı apardığı qətiyyətli mubarizə barədə də məlumat verilib.

Məqalə ilə ətraflı şəkildə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.star.com.tr/acik-gorus/100-yil-once-nemesis-bugun-pkk-haber-1551050/