ABŞ-ın Men ştatındakı Katolik Xeyriyyəçilik Cəmiyyəti 20 iyun – Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş virtual toplantı təşkil edib.
Men ştatının qubernatoru Canet Millsin müraciətinin səsləndirilməsi ilə başlayan tədbirdə dünyanın müxtəlif ölkələrindən bu ştata pənah gətirmiş qaçqınlar iştirak ediblər. Onlar vətənlərində qarşılaşdıqları müxtəlif səbəblər üzündən qaçqın kimi sığındıqları ölkədə əldə etdikləri təcrübələri bölüşüblər.
Tədbirdə Men ştatının “Qaçqınların Məskunlaşması Federal Proqramı”nın koordinatoru və Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov da çıxış edib. Tarixi vətəni olan Azərbaycanın da qaçqın və məcburi köçkün problem ilə üzləşdiyini xatırladan diaspor təşkilatının sədri bildirib ki, 17 il öncə Menə köçüb. O, yerli dövlət orqanlarının və ştat sakinlərinin qaçqın və mühacirlərə qucaq açdığını, onlara qonaqpərvərlik, mərhəmət və səxavətlə yanaşdığını vurğulayıb, icmaların iş və səhiyyə xidmətlərinə töhfə verəcəklərini və bununla da cəmiyyəti irəli aparacaqlarını düşündüyünü bildirib.
COVID-19 pandemiyasına görə bu günün virtual formatda qeyd olunmasından təəssüfləndiyini bildirən həmvətənimiz onu da qeyd edib ki, indiki mürəkkəb durum ştatdakı qaçqınların problemlərinin həll edilməsini diktə edir. Bildirib ki, qaçqınlara və mühacirlərə işçi qüvvəsinin əsas mənbələrindən biri kimi baxılmalıdır. Çünki onların əksəriyyəti təhsil və bacarıq baxımından çox yaxşı təcrübəyə malikdirlər.