“Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinə start verilib

22.06.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin onlayn açılış mərasimi keçirilib.

Virtual tədbiri İordaniyada Azərbaycan diasporunun fəalı olan Samia Xamis giriş sözü ilə açaraq qonaqları salamlayıb. Sonra Azərbaycandakı Alban-Udi xristian dini icmasının sədri Robert Mobili “Alban-Udi mədəniyyəti və abidələri” mövzusunda çıxış edib. Natiq Alban kilsəsinin tarixi, udilər barədə iştirakçılara geniş məlumat verərək, çar Rusiyası dönəmində Azərbaycanın Qarabağ bölgəsinə köçürülən ermənilərin Alban mədəni irsini, Alban kilsələrini mənimsəmələrinə dair tarixi faktları bölüşüb, erməni təxribatına və saxtakarlığına qarşı mübarizənin vacibliyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Tural Əliyev dövlətimizin müxtəlif konfessiyalara və dini icmalara böyük hörmət və qayğı ilə yanaşdığını, onlara hər cür maddi və mənəvi dəstək göstərdiyini qeyd edib, Azərbaycanda Alban-Udi tarixinin və kilsələrinin qorunub saxlanılması üçün görülən işlərdən danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin “Müxtəlif olsaq da Birlikdə Güclüyük” layihəsinin kuratoru Aydan İsrafilova təqdimat zamanı layihənin yaranma ideyası və məqsədlərindən bəhs edib, eləcə də fəaliyyət planı ilə iştirakçıları tanış edib.

Sonda Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov ölkəmizin multikulturalizm və tolerantlıq nümunəsi olduğunu bir daha nəzərə çatdırıb, layihənin əhəmiyyətinə diqqəti cəlb edib.

Tədbir sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.

Qeyd edək ki, “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi Azərbaycanın multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, Azərbaycandakı diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdir.