“Beyin Qazanma Proqramı” çərçivəsində videokonfranslar keçirilib

19.06.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Beyin Qazanma Proqramı” çərçivəsində videokonfranslar davam edir.

Növbəti virtual tədbirlərdə İsrailin “ScienceAbroad” proqramının icraçı direktoru Nadav Douani, Şeba Tibb Mərkəzinin Beynəlxalq əlaqələr və resursların İnkişafı şöbəsinin müdiri Yoel Har-Even, ABŞ-da yaşayan, “Araşdırma və İnkişaf Qrupu”nun media və texnologiya üzrə rəhbəri İsmayıl Rüstəmov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Universitetin İctimai və Beynəlxalq Araşdırmalar Məktəbinin tədqiqatçısı Anar Vəliyev məruzəçi qismində iştirak ediblər. Tədbirlərə müxtəlif ölkələrdən Azərbaycan Diaspor Gəncləri, Azərbaycan Tibb Universitetinin, Azərbaycan-Fransız Universitetinin tələbələri, ABŞ və Kanadada yaşayan soydaşlarımızın bir qrupu qatılıblar.

Virtual tədbirlərdə N.Douani “Beyin qazanma proqramı”nın analoqu olan “ScienceAbroad” proqramının mahiyyəti, Y.Har-Even “İsrail və Şeba Tibb Mərkəzinin Covid-19 ilə mübarizədəki təcrübəsi və virusdan qorunma üçün tövsiyələr”, İ.Rüstəmov “Qaz xromatoqrafiyasının prinsipləri və tətbiqi”, F.İsmayılzadə və A.Vəliyev isə “Lobbiçilik və ictimai dəstək” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçılarının sualların cavablandırıldığı videokonfranslar https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını bölüşməsi üçün mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin gücləndirilməsindən ibarətdir.