Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsinin onlayn açılış mərasimi keçirilib.
Virtual tədbirə 22 ölkədən – ABŞ, Rusiya, Fransa, İsrail, Nigeriya, Almaniya, Avstriya, Niderland, Polşa, Kanada, Böyük Britaniya, İtaliya, Avstriya, Ukrayna, Gürcüstan, Finlandiya, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Türkiyə və Azərbaycandan 50-yə yaxın fəal azərbaycanlı qadın, diaspor nümayəndələri və xarici qonaqlar qatılıblar.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov qonaqları salamlayıb və layihə barədə qısa məlumat verib. Qonaq spiker qismində tədbirdə iştirak edən İsrailin Momentum layihəsinin rəhbəri Ben Peri təqdimatla çıxış edib və görüş iştirakçılarına sözügedən layihədən ətraflı danışıb. Qeyd edək ki, MOMENTUM layihəsi yəhudi diaspor qadınları özündə birləşdirən və onlara dair çoxsaylı fəaliyyətlər həyata keçirən bir layihədir.
V.Məmmədov şəbəkənin yaranma məqsədi və fəaliyyət planı ilə iştrakçıları tanış edib. Müxtəlif ölkələrdən şəbəkənin açılışına qoşulan diaspor təşkilatlarının xanım üzvləri Dövlət Komitəsinin yeni təşəbbüsünü yüksək qiymətləndirərək, gələcək fəaliyyətində Azərbaycan Diaspor Qadınları şəbəkəsinə uğurlar arzulayıblar. Virtual tədbirdə "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Orucova dünyadakı qadınlarımızı Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə daha sıx birləşməyə çağırıb.
Tanınmış pianoçu, dirijor, bəstəkar, Əməkdar artist Turan Manafzadə və Vyanada yaşayan müğənni, mahnı müəllifi Karen Onidia Danger-Manafzadə öz gözəl ifaları ilə iştrakçılara xoş ovqat bəxş ediblər. Turan Manafzadənin ifasında Xocalıda həyatını itirmiş qadın və uşaqlara ithaf olunmuş, eləcə də Azərbaycanın Respublika Gününə həsr edilmiş əsərlər təqdim olunub.
Tədbir sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.
Qeyd edək ki, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi 2020-ci ilin iyun ayında Dövlət Komitəsinin təşəbbüsü ilə başlayıb. Şəbəkə Azərbaycan diasporunda təmsil olunan, müxtəlif sahələrdə fəaliyyət göstərən və müxtəlif yaş qruplarına daxil olan azərbaycanlı qadınların bir araya gətirilməsi məqsədilə yaradılıb. Məqsəd – qadınların Azərbaycan icma quruculuğuna töhfə verməsinə, mütəşəkkil şəkildə fəaliyyət göstərməsinə nail olmaqdan ibarətdir. Bu layihə təcrübənin paylaşılacağına, bilik və bacarıqların düzgün istiqamətə yönəldiləcəyinə xidmət edən məlumat mübadiləsi platformasıdır.