Ankarada fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə xalqımızın Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans təşkil edilib. Virtual tədbir TADİV-in, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
"15 İyun 1993-cü il – Milli Qurtuluş Günü və postpandemiya dövründə yeni qlobal çağırışlar kontekstində Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin perspektivi" mövzusunda keçirilən virtual tədbir TADİV-in İdarə Heyətinin sədri, professor Aygün Attarın moderatorluğu ilə gerçəkləşdirilib. Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru Tahir Mirkişili, Türkiyənin sabiq iqtisadiyyat naziri, TBMM-nin üzvü, sənaye, ticarət, enerji və texnika komissiyasının sədri Mustafa Elitaş çıxış ediblər.
Natiqlər xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edib və ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salıb. Ulu öndərin Azərbaycan xalqının və dövlətinin inkişafında, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında xidmətləri qeyd edilib. Tədbirdə ölkəmizin müstəqilliyinin möhkəmləndiilməsi, iqtisadi gücünün artırılması və ümumiyyətlə bölgənin iqtisadi cəhətdən canlandırılması naminə Heydər Əliyevin gördüyü misilsiz xidmətlərdən danışılıb.
Tədbiri yekunlaşdıran Aygün Attar bildirib ki, dövlət müstəqilliyimizə təhlükə yarandığı bir dönəmdə Heydər Əliyevin hakimiyyətə qayıdışı bölgədə barışın bərqərar olması, Azərbaycanın haqq səsininin dünya ictimaiyyətinə çatdırılması, Asiya-Avropa arasında vacib enerji layihələrinin həyata keçirilməsi ilə nəticələnib. Heydər Əliyevin təşəbbüsü ilə İhsan Doğramacı tərəfindən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təsis edilməsi böyük liderin uzaqgörən dövlət siyasətinin bir parçası adlandırılıb.
Videokonfrans TADİV-in sosial media hesabları üzərindən canlı yayımlanıb.