Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən E-akademiya layihəsi çərçivəsində müxtəlif mövzularda videomüzakirələrin təşkili davam edir.
Virtual müzakirələrin qonaqları Qızılbaşlar nəslinin davamçısı Təhrəəm Fatimə Qızılbaş, fransız videolboggerlər N'hamed Binakdane və Nail Ver N'doye, Rusiya Federasiyasında yaşayan həmyerlilərimiz Əfsanə Kazımova və Amil Ağayev, Amerika Yəhudi Komitəsinin Rusiya və Avrasiya üzrə direktoru Səmyuel Kliger və Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin Baş katibi Bayram Baxşəliyev olublar.
Müzakirələr zamanı dünyada və ayrı-ayrı ölkələrdə pandemiya səbəbindən yaranmış çətinliklər, Pakistanın Qızılbaş tarixi və mədəniyyəti, Azərbaycana səfərlərlə bağlı təcrübə və təəssüratlar, COVID-19 pandemiyası ilə mübarizədə yaşanılan çətinliklər, Amerika Yəhudi Komitəsinin fəaliyyəti, diaspor diplomatiyası, ABŞ-da qarşıdan gələn prezident seçkiləri, Azərbaycan diaspor gəclərinin ELSA təşkilatına cəlb olunması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans iştirakçıları və izləyicilərin çoxsaylı suallarının cavablandırıldığı videomüzakirələr https://www.facebook.com/Azerbaijan DiasporaYouth/ Facebook ünvanından canlı yayımlanıb.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin E-akademiya layihəsi bu ilin aprel ayından həyata keçirilir. Əsas məqsəd yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.