Şimali Kiprdə 15 iyun – Milli Qurtuluş Gününə teleproqram həsr edilib

16.06.2020

Şimali Kiprin “Güneş TV” kanalında ölkəmizin Milli Qurtuluş Gününə həsr olunmuş teleproqram təqdim olunub.

Tanınmış aparıcı Fərda Əkinçinin təqdimatı ilə birbaşa yayımlanan “Parantez” proqramının qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu olub. Proqramda 15 iyun – Milli Qurtuluş Gününə tarixi ekskurs edilib, Dağlıq Qarabağ problemi ilə başlanan çətin tarixi-keçid dövründə xalqımızın apardığı milli-azadlıq mübarizəsinin təfərrüatlarından bəhs olunub.

Orxan Həsənoğlu tarixin müxtəlif mərhələlərində xalqımızın yaşadığı çətin anlara, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin təhlükə altına düşdüyünə, belə mürəkkəb və gərgin şəraitdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkənin və xalqın imdadına yetişdiyinə, 1993-cü ilin yayında siyasi hakimiyyətin məsuliyyətini öz üzərinə götürərək, vətəndaş müharibəsinin qarşısını almaqla, dövlətimizi parçalanmaqdan, xalqı və ölkəni məhv olmaq təhlükəsindən xilas etdiyinə diqqəti cəlb edib. Ulu öndərin xalqın inamına və dəstəyinə söykənərək milli dövlətçiliyin qurulması istiqamətində qətiyyətli addımlar atdığı, beynəlxalq birliyə inteqrasiyanın təmin edildiyi, dünyanın nüfuzlu dövlətlərilə ikitərəfli strateji, tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğu, sülh, sabitlik və inkişaf strategiyasının milli inkişaf formulu olaraq qəbul olunduğu vurğulanıb.

Proqramda Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik, yerləşdiyi coğrafiyada və dünyada son illərdə Azərbaycanın nüfuzunun daha da artdığı nəzərə çatdırılıb. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, başda Dağlıq Qarabağ münaqişəsi olmaqla, bütün problemlərin həllinə təsirindən danışılıb. Bildirilib ki, hazırda Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması bölgədə yeni bir güc mərkəzi formalaşdırır.

Qeyd edək ki, “Günəş TV” Şimali Kiprdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə fəaliyyət göstərir.