Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn beynəlxalq dəyirmi masa keçiriləcək.
16 iyun 2020-ci il tarixində təşkil olunacaq virtual tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı nəzərdə tutulur.
Onlayn dəyirmi masanın keçirilməsində əsas məqsəd 15 iyun tarixinin mahiyyəti, sosial-iqtisadi və siyasi-strateji nəticələri haqqında azərbaycanlı uşaq və gənclərin məlumatlandırılması, eləcə də ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə əldə edilən uğurların dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırılmasından ibarətdir.
COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada təşkil ediləcək tədbirdə 20-yə yaxın ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin 9-14 yaşlı uşaqlarından ibarət 60-dan çox məktəblinin iştirakı nəzərdə tutulur.