Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı YouTube kanalının video təqdimatı keçirilib.
Bu münasibətlə təşkil edilən virtual tədbirdə Bakıda və müxtəlif regionlarda yaşayan 50 nəfərədək diaspor könüllüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov iştirak edib. Dövlət Komitəsinin “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri A.Əsədov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, onların təşəbbüsü ilə yaradılan “Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının əhəmiyyətini qeyd edib və görüləcək işlərdən danışıb.
Daha sonra “Azərbaycan Diaspor Könüllüləri”nin koordinatoru B.Rəhimov gəncləri salamlayaraq, ali məktəblərdə imtahan sesiyası müddətində vaxt ayırıb onlayn konfransa qoşulduqlarına görə təşəkkür edib. Pandemiya dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edib və gəncləri karantin dövrünün qaydalarına ciddi əməl etməyə çağırıb.
Təqdim edilən YouTube kanalı haqqında danışan B.Rəhimov təşəbbüsün alqışlandığını bildirib və Komitə rəhbərliyi tərəfindən də dəstəkləndiyini minnətdarlıqla qeyd edib.
Konüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz bir əsgərik, hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Belə bir təşəbbüsə dəstək olduğu üçün Dövlət Komitəsinə, onun rəhbərliyinə təşəkkürlərini ifadə edən gənclər “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildiriblər. Sonda təqdimat iştirakçıları aşağıdakı bəyanatı qəbul ediblər:
“Biz – Azərbaycan Diaspor Konüllüləri möhtərəm cənab Ali Baş Komandanın Avropanın mərkəzində işğalçı ölkənin baş nazirinə keçdiyi tarixi dərsdən ruhlanaraq “QarabağAzərbaycandır!” adlı YouTube kanalı yaradırıq. Kanalda Qarabağ həqiqətləri - tarixi, təbiəti, adət-ənənələri, mətbəxi, əhalisi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri və s. haqqında Azərbaycan, ingilis və rus dillərində videolar hazırlayaraq paylaşacağıq.
Kanalın məqsədi “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyaya qəbul etdirilməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı, azərbaycansevər gəncləri Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha da səfərbər etməkdir. Bir daha bəyan edirik ki, “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərlə birlikdə, əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, tədbirdə Diaspor könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” Milli platformasının yaradılması haqqında da qərar qəbul edilib və bu istiqamətdə işlərə başlanılıb.