“Alim” elmi assosiasiyasının onlayn qurultayı keçirilib

09.06.2020

Fransada “Alim” elmi assosiasiyasının ilk rəsmi qurultayı onlayn formatda təşkil edilib. Qurultayda Fransada yaşayan azərbaycanlı və fransalı elm xadimləri, tələbələr iştirak ediblər.

Tədbiri “Alim” elmi assosiasiyasının prezidenti, iqtisad üzrə fəlsəfə doktoru Günel Səfərova açıb. O, təşkilatın qısa müddət ərzində həyata keçirdiyi layihələr və reallaşdırdığı xeyriyyə aksiyası barədə ətraflı məlumat verib.

Qurultay iştirakçıları “Alim” assosiasiyasının gələcək fəaliyyəti, iki ölkə arasında reallaşdırılacaq layihələr, assosiasiyanın rəsmi saytının qurulması və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Sonra qurultayda təşkilatı məsələlərə baxılıb və assosiasiya üzvlərinin səs çoxluğu ilə idarə heyəti seçilib. Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucovun və Fransanın Bezanson şəhərində yerləşən Franş-Komte Universitetinin nanotibb üzrə assistant professoru Reda Yahyavinin “Alim” assosiasiyasının vitse-prezidentləri, Franş-Komte Universitetinin tibb üzrə fəlsəfə doktoru Reyhan Həsənovanın baş katib, Paris Sud universitetinin magistratura məzunu Şəbnəm Süleymanovanın isə xəzinədar vəzifələrinə seçilmələri təqdir olunub.

Qeyd edək ki, “Alim” elmi assosiasiyası 2020-ci ilin aprelində Azərbaycan elmi diasporu tərəfindən yaradılıb. Assosiasiyanın yaradılmasına dair ilk təşəbbüs Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə 14 dekabr 2019-cu ildə Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş görüşdə irəli sürülüb. Assosiasiyanın əsas məqsədi hər iki ölkədən olan elm adamlarını bir araya gətirmək, müştərək layihələr həyata keçirmək və Azərbaycandakı istedadlı gənclərin xaricdə təhsil almasına dəstək olmaqdır.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə “Alim” də öz xeyriyyə dəstəyini nümayiş etdirib. Məhz, “Alim”in qurucularının təşəbbüsü ilə Fransada təqaüdsüz təhsil alan və müvəqqəti maliyyə çətinlikləri ilə üzləşən azərbaycanlı tələbələrə kömək göstərilib. Xeyriyyə aksiyası çərçivəsində iki ölkənin dövlət qurumlarının və müxtəlif şəxslərin dəstəyi ilə 22 tələbəyə maddi yardım edilib.